Qurban Qurbanov Rəşad Sadıqovu müdafiə edib: “Qədrini bilməliyik”

25-10-2019, 00:55
10
Qurban Qurbanov Rəşad Sadıqovu müdafiə edib: “Qədrini bilməliyik”

Avropa Liqasının qrup mərhələsinin III turu Azərbaycan çempionu “Qarabağ” üçün uğursuz alınıb.

APA-nın məlumatına görə, Kipr APOEL-i ilə oyundan sonra keçirilən mətbuat konfransında uğursuzluğa şərh verən baş məşqçi Qurban Qurbanov komandanın kapitanı Rəşad Sadıqovun kobud səhvinə də münasibət bildirib.

Topu rəqibə “hədiyyə edən” 37 yaşlı veteranın futbolçu karyerasını başa vurması ilə bağlı sosial şəbəkələrdəki müzakirələrə cavab verən 47 yaşlı mütəxəssis kapitana dəstək olub: “Futbol elə oyundur ki, səhvsiz futbolçu olmur. Oyunçularımızın qədrini bilməliyik. Bir epizodla futbolçuya qiymət veririksə, bu, heç də düzgün fikir deyil. Oyunu analiz etsək, tam fərqli çıxış etdi. Birinci qolda top Maksimin kürəyinə dəymişdi”. 

İlk qolu Maksim Medvedevin öz qapısına vurduğuna da toxunan Q.Qurbanov bu topun R.Sadıqova toxunmamasına sevindiyini gizlətməyib: “Yaxşı ki, top Rəşada dəyməyib. Yoxsa bununla bağlı da başqa fikirlər olardı. Onun qədrini bilməliyik. Belə fikirlər məni narahat etmir. Biz futbolçulara güvəndiyimizi deyirik. Həmişə onlara tövsiyə etmişəm ki, belə söz-söhbətlər işimizə mane olmasın. Azarkeşin haqqıdır, məni də istefaya çağıra bilərlər, deyə bilərlər ki, karyerasını bitirsin. Milli komandada belə şeylər olurdu. Bunu normal qarşılayırıq. Bütün fikirlərə hörmətlə yanaşıram. Emosional olaraq belə fikirlər səsləndirə bilərlər, ancaq hamısı bizimlədir”.

Qeyd edək ki, “Qarabağ” – APOEL oyunu 2:2 hesabı ilə başa çatıb. Rəqibin ilk qolu M.Medvedevin avtoqolu, ikinci topu R.Sadıqovun səhvi hesabına vurulub.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti