Mfo Kqasvane: "Zirə" mənə görə Botsvanada yaxşı tanınır” - MÜSAHİBƏ

15-12-2019, 22:17
9
Mfo Kqasvane: "Zirə" mənə görə Botsvanada yaxşı tanınır” - MÜSAHİBƏ

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Səbail"in qonağı olan "Zirə" rəqibi ilə qolsuz bərabərə qalıb.

Apasport.az saytının məlumatına görə, "Zirə"nin botsvanalı hücumçusu Mfo Kqasvane qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Premyer Liqadakı 4:1 hesablı qələbədən sonra kubokda da favorit hesab edilirdiniz. Ancaq qolsuz bərabərə qaldınız. Bu dəfə qalib gəlməyinizə nə mane oldu?
- Çempionat və kubok matçları bir-birindən kəskin fərqlənir. Düşünürəm ki, bu gün səfərdə oynadığımız üçün belə nəticə alındı. Kubok iki oyundan ibarət olur. Bu baxımdan səfərdə heç-heçəni məqbul nəticə saymaq olar.

- Ancaq evdə buraxacağınız 1 qol işinizi daha da qəlizləşdirər...
- Bu, elə də yaxşı nəticə sayılmamalıdır. Evdə qapımızın toxunulmazlığını qorumağa çalışacağıq. Həmçinin rəqibin qapısı qarşısında da qol imkanları axtaracağıq.

- "Səbail"lə ardıcıl ikinci dəfə üz-üzə gəldiniz, rəqibi artıq yaxşı tanıyırsınız. Zirədəki oyunla bağlı proqnozunuz nədir?
- Futbolda hər şey baş verə bilər. Buna görə də, heç bir proqnoz verə bilmərəm.

- Azərbaycan çempionatında adətən futbolçular uzaq məsafədən zərbələrə çox üstünlük vermirlər. Sizin yaxşı zərbələriniz olsa da, bundan çox yararlanmırsınız. Baş məşqçinin tapşırığı belədir, yoxsa özünüzə inamınız yoxdur?
- Bunu heç də tez-tez zərbələr vurmaqla əlaqələndirməzdim. Sadəcə, bu gün oyun epizodunda şərait yarandı, mən də cəhd etdim. Önündə boşluq görürsənsə, zərbə vurmalısan. Bu gün 1-2 dəfə belə boşluq gördüm, zərbə vurdum. Sırf oyun epizodu ilə bağlıdır.

- Rəqibin cərimə meydançasında yerə yıxıldığınız epizodda penalti var idimi? Hakimin qərarına da hansısa reaksiya göstərmədiniz...
- Məncə, penalti var idi. Hakim oyuna davam işarəsini vermişdi. Artıq etiraz da edə bilməzdim.

- Botsvana millisinin oyunları zamanı Azərbaycandan gedib, bura qayıtmaq sizi yormur?
- Yol çox yorucudur. Çünki ümumi səyahətim 14-15 saat çəkir. Edəcək bir şey də yoxdur. Bu mənim həyatımdır.

- Botsvanada "Zirə"ni tanıyırlar?
- Əlbəttə. "Zirə" mənə görə Botsvanada yaxşı tanınır. Azərbaycana gələn ilk botsvanalı futbolçuyam. Belədə təbii ki, izləyir, maraqlanır və tanıyırlar.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti