Fotoları dindirən adam, adamı dindirən FOTOLAR...

17-02-2021, 08:38
6
Fotoları dindirən adam, adamı dindirən FOTOLAR...
O, həyata kameranın gözü ilə baxır. Fotolar yalan danışmır. Onlar həqiqəti əks etdirir, yaşananları olduğu kimi görür və göstərir. Fotoların ömrü uzun olur, insanlardan belə. Şəkillər bizdən daha çox yaşayır.
Bəzən olur ki, yaşanan tarixə şahidlik etmək imkanını əldən veririk. Ancaq bu tarixi məqama fotolar, video lentlər şahidlik edirsə, sən özün də o tarixin bir parçasına çevrilirsən. Bu gün Heydər Əliyev Mərkəzində yaşadığımız kimi...
 
Əslən azərbaycanlı olan dünyaca məşhur fotoqraf Reza Deqatinin Xocalı faciəsi zamanı çəkdiyi fotolara şahidlik etdik. Fotoların hər biri danışırdı. Məni o illərə aparmışdı. Oğlu, övladı, qardaşı, bacısı qətl edilən həmvətənlərimizin haraylarını, fəryadlarını duyurdum. Elə fəryad ki, dünyanı ləzrəyə gətirir, ancaq ki, duyan yox. İçinin yanğısı doğulduğu torpağı belə yandımağa kifayət edən alovu deyirəm. 
 
 
Lakin I Qarabağ döyüşlərində xalqımızın yanında olub, o hadisələri fotolara əks etdirən Reza Deqatinin çəkdiyi bu fotolar bütün dünyanı dolaşıb. Azərbaycanın haqq səsi rolunu oynayıb. Öldürülən uşaqlar, qolları, gözü, bədən üzvləri kəsilmiş həmvətənlərimizi bir də onun obyektivindən izlədik. İzlədik ki, unutmayaq, izlədik ki, yaddaşımızdan çıxmasın, izlədik ki, nələr yaşasaq da keçmişimizi haradan gəldiyimizi və hara getdiyimizi xatırlayaq. İzlədik ki, içimizdə düşmənə qarşı mərhəmət hissimiz oyanmasın.   
 
 
Reza Deqati deyir ki, gördüyü hadisələri əvvəlcə ürəyində yaşayıb, sonra gördüklərini, yaşadıqlarını, fotolara əks etdirib.  2 həftə bundan öncə onunla Qarabağ səfərində geniş söhbət etmək şansım olmuşdu, I Qarabağ döyüşlərində bu torpaqlarda olduğunu və Azərbaycan xalqının başına gətirilən hadisələrdən danışmaq istəmədiyini demişdi. Cəbrayılda dayandıqda “Bax bu torpaqlar nələrin şahidi oldu, bir bilsəniz” deyə bir ah çəkdi...
 
Bu gün isə Heydər Əliyev Mərkəzində Xocalı faciəsi zamanı çəkdiyi fotoları nümayiş olunurdu. O fotolar bir tarixdir.  Qalib gəlsək də torpaqlarımızı geri alsaq da ancaq tarix unudulmur. 
Bu 27 ildə dünyanı gəzib gələn bu fotolara baxdıqca düşünürəm ki, görəsən, başqa bir məmləkətin insanı da bu fotolara baxanda ürəyi bizim qədər yanıbmı? Hər fotonun qarşısına keçəndə ürəyinin parçası orada qalıbmı? Ürəyindən bir parça o fəryad qoparan insanlara pay veribmi?  Şəkildəki uşaqlar heç böyüyübmü? Yoxsa onlar hələ də tarixin ən amansız günündə məhz orada olduqları,  doğulduqları üçün şanslarına, yaradana üsyan edirdilər. Bir anlıq o  fotolardakı uşaqların yerində özümü təsəvvür etdim. Mən olsaydım, böyüməzdim, insanın bir parçası hər zaman  yara aldığı yerdə qalır. Eynən Xocalıda o dəhşətin şahidləri kimi... 
 
 
Fotoqrafın əsərləri dünyanın müxtəlif ölkələrində, eləcə də Fransada keçirilən sərgilərdə nümayiş edilib. Onun fotoları vasitəsilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilmişik. Bu fotolar vasitəsilə Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Qarabağ həqiqətləri, Xocalı faciəsi dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.  Qarşısında olduğum fotoşəkillər dünyanın ən mötəbər jurnal və qəzetlərinin səhifələri və cildini bəzəyib. 30 ildən artıq fəaliyyəti zamanı o, fotolar vasitəsilə müharibə və yoxsulluğun dəhşətləri, onların gətirdiyi bəlaları göstərməyə çalışıb. 
 
 
Reza Deqati ilə bir fotonun qarşısında dururq, ikimiz də susuruq... Qarşımızdakı foto danışır. “Bu fotoları çəkərkən ən çox nəyi daha çox xatırlayırsınız?” sualını verirəm: “O hadisələr, dünyasını dəyişn insanlar... meyidlərin arasında qardaşını, həyat yoldaşını axtarmaq... İnsanların, uşaqların ayaqyalın buzun, qarın içində qaçmaları... Yaxşı xatırlayıram Xocalı hadisəsi yaşanan gün qarşıma bir oğlan çıxmışdı. Ermənilər onu yolda soymuşdular, cibindən pulunu, ayağından ayaqqabısını alsalar da o, həyat eşqini itirməmişdi. Oğlana yaxınlaşıb “üşüyürsənmi?” sualını verdim, dedi ki, üşümür, ermənilər onun hər şeyini almşdı. O, mənə dedi ki, onun üçün dəyərli olan evinin açarını onlardan gizlədə bilib. O zaman dərk etdim ki, insanların geri qayıtmaq ümidi var və bu ümidi onların əlindən almaq isə qeyri- mümkündür. Evinin açarını gizlədən insan o deməkdir ki, mən geri qayıdacam” - deyə cavab verdi.
 
İllər keçəcək, o cibində evinin açarı ilə Xocalıdan çıxan baba evinə qayıdacaq, orada əvvəlki illərindən də xoşbəxt, firavan olacaq, amma bu xalq başına gətirilən bu faciəni, fotolarda qarşımda yaşanan o günləri unutmayacaq. İllər keçsə, yeni nəsil yetişsə belə, bu fotolar onlara tarixini unutmağa qoymayacaq. 
 
скачать dle 10.6фильмы бесплатно
Başqa yazarlar