Heç bir tərtibat işi yaradıcı fəaliyyəti istisna etmir

14-05-2019, 10:31
67
Heç bir tərtibat işi yaradıcı fəaliyyəti istisna etmir

Təəssüf ki, elmi tənqid şəxsi münasibət zəmininə yönəldilir.

22 fevral 1969-cu ildə Mişel Fuko Fransız Fəlsəfə Cəmiyyətinin yığıncağında etdiyi “Müəllif nədir?” məruzəsində bir sıra maraqlı məqamları üzə çıxarıb. O, ədəbiyyat, fəlsəfə və elm tarixində ideyaların, biliklərin müəllifinin müəyyən edilməsinin zəruriliyini diqqətə çatdırıb. Bu gün irəli sürülən müddəa və fikirlər ilkin müəllif və əsərlərin ikinci dərəcəli (birinciyə əsaslanan) davamı kimi görünür. Müəllif axtarışı orijinallıq axtarışından irəli gəlir. Hələ qədim dövrlərə nəzər saldıqda görürük ki, bir çox qəhrəmanlar məhz əbədiləşmək (qələmə düşmək) naminə şücaət göstəriblər. Təsadüfi deyil ki, C.Viko tarix fəlsəfəsini yaradarkən allahlar, qəhrəmanlar və insanlar (filosoflar) dövrünü müəyyənləşdirib. Belə demək mümkünsə, qədim dövrün qəhrəmanlarını müasir dövrdə məhz müəlliflər əvəz edir.

Müəllif anlayışının müəyyənləşməsində yazı formasının fərdiliyi xüsusi rol oynayır. Həmin yazıda müəllif diskursu formalaşır və bu da “müəllif” anlayışını apriori təyin edir. Müəllifin adı təkcə onun özünə işarə etmir. Aristotel dedikdə “analitik müəllif”, “ontologiya müəllifi” və s. kimi deskriptiv meyarlar ortaya çıxır. Deməli, müəllif funksiyası mövcudiyyət forması kimi xarakterizə oluna bilər.

Müasir Qərb ədəbi tənqidində müəllifin müəyyən edilməsi prinsipi xristian ekzegetikasına (ekzegetika – dini mətnlərin şərhi) əsaslanır. Ekzegetikaya əsasən, mətnin dəyəri müəllifin müqəddəsliyi ilə ölçülür. Burada müəllif anlayışı təkcə onun denominasiyası ilə kifayətlənmir, həmçinin vahid yazı prinsipini, üslubunu xarakterizə edir. Tarixdə eyni təxəllüslə yazan müxtəlif müəlliflərin olduğu məlumdur. Onları bir-birindən fərqləndirməyin yeganə yolu mətn üslubu və yazı prinsipidir.

Son zamanlar edilən diskussiyalarda tez-tez rastlaşdığımız tərtibat (və ya kompilyasiya) işi də, mahiyyət etibarilə, müəllif işidir. Çünki, o öz sahibinə kompilyasiya olunmuş əsər üzərində müəlliflik hüququ verir. Kompilyasiya (compīlātio) – latın sözü olub ilkin mənası “oğurluq, qarət” deməkdir. Lüğətlərdə bu söz aşağıdakı kimi mənalandırılır: 1) məlumatların siyahıya alınması; 2) orijinallığa iddia etmədən materialların toplanması, seçilməsi və sistemə salınması. Kompilyasiya edən şəxs, yəni tərtibçi – bir və ya bir-neçə müəllifin əsərlərini toplayır, onlar üzərində işləyir. Qeyd edək ki, kompilyasiyanın növlərindən asılı olaraq bu terminin kibernetikada klassik kompilyator, kross-kompilyator, binar-kompilyator, dinamik kompilyator və s. olaraq funksional bölgüsü də aparılmışdır.

Kompilyasiya əsəri həm də “qeyri-kompilyasiya” əsərlərindən toplanır, yaxud ayrı-ayrı müəlliflərin fikirləri əsasında sistemli şəkildə tərtib olunur. Belə əsərlərə müxtəlif müəlliflərə məxsus mətnlər əsasında toplanılan anlayışların daxil olduğu ensiklopediyalar, eyni mövzulu ədəbi əsər və ya şeir külliyatları, dərsliklər və dərs vəsaitləri, bioqrafik məlumatlara əsaslanan əsərlər və s. aiddir. Ensiklopediyaların tərtibçiləri onun müəllifi sayılır, lakin onlar burada başqa müəllifdən gətirilən sitat və ya tezislərin müəllifi sayılmır. Buna görə də, gətirilən hər bir sitata, nümunəyə dair istinadın göstərilməsi zəruridir. Çünki, anlayışların sayı, təqdimat forması, şərhlərin strukturu və üslubu, mətnlərin tərtibçi tərəfindən yenidən “emalı” artıq MÜƏLLİF işi hesab olunur və eyni şəkildə başqa müəllif tərəfindən təkrar nəşr oluna bilməz.

Lüğət tərtibçilərinə gəlincə, onlar lüğətin həm də müəllifi hesab olunurlar. Cünki, lüğətlərdə siyahıya alma prosesinin özü də tərtibat (kompliyasiya) əməliyyatını təkrarlayır.

R.Mekançi yazırdı ki, plagiatlıq ittihamı leksikoqrafiya tarixinin ən kədərli səhifələrindəndir. Bəzən ən məsum leksikoqraf da argumentum ad hominem formasında tədqiqatçıların iti nəzərindən yan keçməmişdir.

Lüğətlərdə plagiatlıq xoşagəlməz hal kimi daim qınaq obyekti olub. N.E.Osselton qeyd edirdi ki, lüğət tərtibçilərinin “plagiatlıq vərdişləri” lüğətlərin inkişafını ləngitmiş və bunun nəticəsində lüğətlərdə hələ də ağırlığı və qeyri-praktikliyi ilə seçilən “kabus-sözlər” (ghost-words) qalmaqdadır. Lüğətçinin intellektual bacarığını, məlumatlılığını, adaptiv qabiliyyətinin olmasını üzə çıxarmaq üçün detallı müşahidə aparmaq zəruridir.

Lüğətlərdə müəllifliyin əhəmiyyəti o qədər böyükdür ki, hətta tərtib olunan lüğətlər müəlliflərinin adı ilə tanınmışdır. XV əsrin ortalarında çapın kəşfi lüğətlərin geniş kütləyə yayılmasına imkan verdi. 1502-ci ildə italyan Ambrocio Kalepio tərəfindən Dictionarium latinum lüğəti nəşr olundu. Lüğət o qədər şöhrət qazanır ki, özündən sonrakı lüğətlər üçün örnək olur. Hətta bu gün italyan dilində həmin müəllifin soyadı (yəni calepino “kalepino”) lüğət mənasında işlənir.

Yenilikçi ideyalara əsalanmayan lüğətlər çox vaxt ciddi tənqidlərlə qarşılanmışdır. Məsələn, italyanca Kruska lüğətinin tərtib modeli köhnəldiyindən və öz funksionallığını itirmiş hesab olunduğundan Təhsil Nazirliyi tərəfindən çapı dayandırılmışdır. Müasir dövrün leksikoqrafları olan N.Zinqarelli, F.Palatsi, A.Pantsini, T.de Mauro və digərlərinin lüğətləri öz yenilənmiş leksik fondu baxımından diqqətəlayiqdir.

Bəziləri iddia edir ki, lüğət tərtibat işi olduğundan orada hər hansı bir plagiatdan söhbət gedə bilməz. Bu, tamamilə yanlış fikirdir. Əgər lüğətlərin yazılması heç bir yaradıcı fəaliyyət tələb etmirsə, bəs onda lüğətlərin tərtibində keyfiyyət göstəricisi nədir? Yaxud lüğət tərtibçisinin elmi fəaliyyəti nədən ibarətdir? S.Ceyms qeyd edir ki, ciddi əmək sərf etməklə müxtəlif mənbələrdən yararlanıb yeni bir iş ərsəyə gətirmək, əmək sərf etmədən başqasının intellektual mülkiyyətini cüzi dəyişiklik etməklə mənimsəməkdən fərqlənir. Əlbəttə, başqasının əməyini mənimsəyən “leksikoqraf” qeyri-qanuni fəaliyyətlə məşğuldur. Deməli, hətta kompilyasiya işinin özü də yaradıcı əməyi istisna etmir. Bu işdə dəqiq istinadların göstərilməsi vacibdir.

Bir məqamı da qeyd etmək istərdik ki, müəllif və ya tərtibçi tərəfindən ərsəyə gətirilməsindən asılı olmayaraq hər bir əsər nəşr olunduğu andan etibarən digər tədqiqatçılar üçün fikir və müzakirəyə açıq olmalıdır. Dünyanın aparıcı ölkələrində elmi debatların, diskussiyaların aparılmasında jurnalistlərin rolu böyükdür. Əsər və ya onun hər hansı bir hissəsinin həqiqiliyi sual altına qoyularsa, müəllif, tərtibçi və ya redaktor irəli sürülən iddialara cavab verir və həmin naqisliyin dərhal aradan qaldırılmasını təmin edir. Hətta redaktor bu zaman işin ləğv olunması və ya yenidən hazırlanmasına da qərar verə bilər. Hər bir oxucu, tədqiqatçı, mütəxəssis və ya qeyri-mütəxəssis də elmi iradlar irəli sürə bilər. Bu zaman əks tərəf dərhal reaksiya verməli, ən xırda iradı belə, cavablandırmalıdır.

Son zamanların müşahidələri göstərir ki, dünya ölkələrindən fərqli olaraq ölkəmizdə elmi debatlar üçün təşviq mexanizmlərində çatışmazlıqlar mövcuddur. Bir çox hallarda elmi tənqid sağlam və açıq debatlara şərait yaratmaq əvəzinə, şəxsi münasibət istiqamətinə yönəldilir. Tənqidi şüurun inkişafı, sağlam elmi müzakirə istiqamətində maarifləndirmənin aparılması müəllif və tərtibçilərdə məsuliyyət və özünütəhlil mexanizminin işə düşməsinə şərait yarada bilər. Bu isə elmin parlaq zirvəsinə aparan yeganə yoldur.

Sonda 2019-cu il Ümumdünya Müəlliflik Hüququ gününə həsr olunmuş müraciətdə YUNESKO-nun baş direktoru, Odri Azulenin sözlərini xatırlatmaq istərdik: “Kitablar bəşəriyyətin ümumi keçmişi, tarixi və mədəni irsi ilə ümumi gələcəyin qurulması naminə vahid ailədə birləşməyə kömək edir. O ailədə insani istəklərin nəhəng xorunda hər birimizin aydın səsi eşidiləcəkdir!

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti