Mübariz İbrahimovun şəhid olduğu gündür - FOTO

18-06-2019, 11:26
129
Mübariz İbrahimovun şəhid olduğu gündür - FOTO

Bu gün öz canını Vətən uğrunda qurban vermiş Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu gündür.

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.

Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

Təsdiq edilməmiş versiyalara görə, 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 2010-cu il oktyabrın 27-də birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycanın Tərtər rayonu istiqamətində Ermənistan hərbiçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il tarixdə şəhid olmuş Mübariz İbrahimovun meyiti həmin il noyabrın 6-da qarşı tərəfdən alınıb. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. Bir gün sonra, noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev də qatılıb. Sonra şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

Prezidentin başqa bir sərəncamı ilə Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə, eləcə də  Biləsuvar rayonunda küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı verilib.

2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İstiqlal" snayper tüfəngləri ailəsindən 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə "Mübariz" adlandırılıb.

“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov tankerlərindən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını verib. Mübariz İbrahimovun adını daşıyan gəmi 2010-cu ilin oktyabr ayının 15-də Türkiyədə “Beşiktaş” gəmiqayırma zavodundan suya endirilib. Türkiyədə suya endirilmiş bu gəmi hazırda Milli Qəhrəman Mübariz İbrahimovun adını dünya sularında tanıdır.

2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə Mübariz İbrahimov adına xatirə lövhəsi vurulub.

2016-cı ildə Sumqayıtda küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.

2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində heykəli ucaldılıb.

Şəhid Mübariz İbrahimovun ailəsinə yazdığı son məktubu isə əsl Vətənpərvərlik nümunəsidir:

“Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.

Bu məktub Mübarizin öz Vətənini necə sevdiyini və lazım gələrsə onun azadlığı, ərazi bütövlüyü uğrunda canından belə keçməyə hazır olduğunu sübut edir desək az olar. Çünki O, bunu əməldə etdi və şəhidlik zirvəsinə ucalmaqla Azərbaycan xalqının qəlbində özünə əbədi taxt qurdu. Bu gün əsl qəhrəmanlıq salnaməsi yaradan Mübariz cismən aramızda olmasa da xalqımızın qəlbində əbədi yaşayacaq!

1news.az

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti