Biləsuvarda RİH-nin başçısı əxlaqsızlıq yuvasının fəaliyyətinə “yaşıl işıq” yandırıb?

29-08-2018, 22:17
2 023
Biləsuvarda RİH-nin başçısı əxlaqsızlıq yuvasının fəaliyyətinə “yaşıl işıq” yandırıb?

"Onu da bilin ki, kafe işlətməyimə və qızlarla işləməyimə görə hər ay Biləsuvar polisinə aylıq "haqq-hesab” çatdırıram”

Deyəsən bu cür gedişlə bir müddətdən sonra ölkəmizdə başqa bir hüquq-mühafizə orqanının, yəni, yeni əxlaq polisinin yaradılmasına dair səslənən təkliflərin müzakirəsinə başlamalı olacağıq. Çünki bugünkü reallıq ondan ibarətdir ki, hal-hazırda milli-mənəvi dəyərlərimizin qorunması yöndə nə rayon polis idarələrinin, nə prokurorluq orqanlarının, nə də ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin fəaliyyəti heç də yetərincə deyil. Belə bir səbəblər üzündən də, bu gün respublikamızın müxtəlif şəhər və rayonlarında çoxsaylı əxlaqsızlıq ünvanları fəaliyyət göstərir ki, bu da birbaşa millətimizin əxlaqi dəyərlərinin tapdaqlar altına atılması ilə nəticələnməkdədir.

Hələ bir müddət bundan əvvəl redaksiyamıza belə bir əxlaqsızlıq ünvanlarından birinin də, məhz Biləsuvar rayonunun "Bəhrəmtəpə yolu”nun üstündə fəaliyyət göstərməsi haqda məlumat daxil olmuşdu. Elə ki, daxil olan məlumatların dəqiqləşdirilməsinə çalışdıq, o halda bizə bilmədiyimiz həqiqətlər də bəlli oldu. Yəni bəlli olan o oldu ki, "Bəhrəmtəpə yolu”nun üstündə fəaliyyət göstərən və adını heç cürə dəqiqləşdirə bilmədiyimiz kafe Flora adlı "xanım”a məxsusdur. Daxil olan məlumatlarda o da qeyd olunurdu ki, adı çəkilən "xanım”a məxsus kafe əsasən axşam saatlarında fəaliyyət göstərir. Amma, necə? Elə bu necəliyin nəticəsidir ki, ətraf ərazidə yaşayan sakinlər xeyli vaxtdır ki, qeyd olunan kafenin fəaliyyətinin dayandırılması üçün haqq səslərini qaldırmaqdadırlar. Buna baxmayaraq, hələ də heç bir nəticə əldə etmək mümkün olmayıb. Nəticə isə ondan ibarətdir ki, respublikamızın gəzməli-görməli yerlərindən biri olan "Bəhrəmtəpə yolu” adlanan ərazidə fəaliyyət göstərən bu kafedə, hər gün daha çox azyaşlı "xanım”ların cinsi istismarına yol verilir.

Məsələnin diqqəti cəlb edən tərəfi isə ondan ibarətdir ki, xəbər portalımızın əməkdaşları qanunvericiliyin tələbinə uyğun RİH-də qeydiyyatdan keçdikdən sonra, Flora "xanım”a məxsus kafedə olub bir çox məsələlərə aydınlıq gətirmək istədikdə, qarşı tərəfin təpkisi ilə üz-üzə qalmalı olurlar. Yəni, həmin vaxt Flora "xanım” "Siz bura niyə gəlmisiniz, gəlmisiniz çox nahaq yerə gəlmisiniz. Bilmirsinizsə bilin ki, mənim kafe işlətməyimə, necə gəldi işləməyimə şəxsən RİH-nin başçısı Mahir Quliyev icazə verib. Onu da bilin ki, kafe işlətməyimə və qızlarla işləməyimə görə hər ay Biləsuvar polisinə aylıq "haqq-hesab” çatdırıram. Pullarını çatdırmasam, o halda kim mənim işləməyimə imkan verər?” deyir.

Bir halı da nəzərə alaq ki, "Bəhrəmtəpə yolu” adlanan ərazidə daha çox sadə sakinlər məskunlaşıblar və onlar da, tarixən xalqımıza məxsus milli-mənəvi dəyərlərin yaşadılmasına çalışırlar. Buna baxmayaraq istər Flora "xanım”, istərsə də ona himayədarlıq edənlər belə bir halların varlığını nəzərə almırlar və yalnız maddi maraqlarının təmin olunması üçün hər cür iyrənc əməllərə qol qoymaqdan belə çəkinmirlər. Bu da ümumilli faciəmizi şərtləndirən səbəblərdən birinə çevrilir. Bir daha xatırladaq ki, Biləsuvar rayon sakinləri onları uzun müddətdən bəri narahat edən belə bir problemə, məhz İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin yeni rəhbərliyinin də diqqətini cəlb etməyə çalışırlar. Problemin kökündə yuxarıda qeyd etdiyimiz kimi Flora "xanım”a məxsus kafenin əxlaqsızlıq ünvanı olaraq fəaliyyət göstərməsidir. Təəssüflər olsun ki, Biləsuvar rayonu ərazisindəki bu kafenin əxlaqsızlıq yuvası olaraq fəaliyyət göstərməsinə, bu günə kimi hüquq-mühafizə orqanı əməkdaşlarının diqqətini lazımınca cəlb etmək heç cür mümkün olmayıb.

Onu da bildirək ki, dünyada üç böyük cinayət hadisələrindən biri hesab olunan insan alveri, bu gün "Bəhrəmtəpə yolu”nun üstündə Flora "xanım”a məxsus kafedə tüğyan edir və yaşanan olaylar da, hər kəsin gözləri önündə cərəyan edir. Baş verənlərdən əksər dövlət qurumlarının xəbəri olsa da, təəssüflər olsun ki, problemin qarşısının alınması yöndə bir kimsə bu gün də lazımi addımlarını atmır. Yəqin ki, Flora"xanım”a məxsus kafenin əxlaqsızlıq yuvasına çevrilməsindən, ərazi üzrə sahə müvəkkili işləyən şəxsdən tutmuş polis rəisinədək hər bir vəzifə sahibinin xəbəri var. Faciə odur ki, kafenin infeksiya mənbəyinə çevrilməsi, müştərilərinin "SPİD” xəstəliyinə yoluxmaları yerli hüquq–mühafizə orqanı əməkdaşlarını heç bir halda narahat etmir. Bu belə olduğu halda bizi narahat edən hal odur ki, daxili işlər naziri cənab Ramil Usubov, Azərbaycanda baş verən hər cür neqativ hallara qarşı geniş mübarizə tədbirlərinin aparılması yöndə lazımi tapşırıqlarını verir, Biləsuvar polisi isə belə bir əməllərə hələ də göz yummaqda davam edir?

Bu gün Flora "xanım”ın əməllərini, eyni zamanda ona kənardan "krışalıq” edən və hələlik adını tam dəqiqləşdirə bilmədiyimiz bəzi şəxslərin atdığı addımların varlığını eşitdikcə təəssüf hissi keçiririk. Hətta, Biləsuvarda bu cür iyrənc əməllərin baş verməsinə birbaşa cavabdehlik daşıyan vəzifə sahiblərinin fəaliyyətlərini tənqid etməkdən də çəkinmirik. Çünki, ölkə rəhbərinin 06 fevral 2009-cu il tarixli 133 saylı sərəncamına əsasən, "İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” (2009-2013-cü illər üçün) ilə əlaqədar, hələ bir neçə il bundan əvvəl Prezident Administrasiyasına aparılan mübarizənin nəticəsi ilə bağlı geniş hesabat təqdim olunur. Bundan əlavə, 2014-2018-ci illəri əhatə edən, yəni qadınların cinsi istismarı və cinsi istismarına şəraitin yaradılmasının qarşısının alınması istiqamətində yeni "Milli Fəaliyyət Planı” da imzalanmışdır. Qəbul olunmuş "Milli Fəaliyyət Planı”nda insan alverinin səbəbləri, ona şəraitin yaradılması, hallarının müəyyən edilməsi və aradan qaldırılması, insan alveri qurbanlarının hüquqlarının bərpası və sosial reablitasiyasının həyata keçirilməsi nəzərdə tutulsa da, nədənsə Biləsuvarın yerli hüquq-mühafizə orqanı əməkdaşlarının əməllərində, irəli sürülən tələblərə əməl olunmadığı açıq-aydın görünür. Bu belə olduğu halda sual oluna bilər ki, ortada müvafiq sərəncamın varlığına baxmayaraq, problemlərin varlığına cavabdehlik daşıyanlar hüquq-mühafizə orqanı əməkdaşları, imzalanmış sərəncamı saya salmamaqla nəyə nail olmaq istəyirlər? Axı hər kəs qəbul olunmuş qanuna, onun aliliyinə hörmət etməli, necə deyərlər şərəfli vətəndaş borcunu yerinə yetirməlidir. Görəsən sahiblik etdyi ünvanda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaratmaqla, açıq-aşkar şəkildə vergidən yayınmaqla, gigiyenik qaydalara əməl etməməklə, daha çox xalqımıza məxsus milli-mənəvi dəyərlərimizi tapdaqlar altına atmaqla, ünvan sahibinin son məqsədi nələrdən ibarətdir?

Araşdırmamız davam edəcək. Bizi izləməyi unutmayın.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti