Respublika əhəmiyyətli Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 53-cü km–dən ayrılan Zərdab avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq işlərə start verilib.

42 km uzunluğa malik və 35 min nəfər əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Zərdab avtomobilu IV texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun yenidən qurulması ilə Kürdəmir və Zərdab rayonları arasında nəqliyyat əlaqəsinin yaxşılaşdırılması, yol boyu yaşayan vətəndaşların hər iki rayon istiqamətində rahat hərəkətinin təmin olunması, yük və sərnişin daşımasının yaxşılaşması ilə ərazi boyu kənd təsərrüfatının inkişafı hədəflənir.

Bu tədbirlərin icrası, ilk növbədə, sözügedən marşrutlar üzrə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan kəndləri deyil, ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.