Azərbaycan necə talanır…-ŞƏRH

14-05-2020, 12:30
7
Azərbaycan necə talanır…-ŞƏRH

 

Azərbaycan necə talanır…-ŞƏRH

 

 İnvestisiya xərcləri ictimaiyyətdən gizlədilir, milyardlarla vəsaitin necə bölündüyü, hara sərf olunduğu məlum deyil...

 Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən Mədəniyyət Nazirliyində keçirilən əməliyyatın videosu, ictimaiyyətə açıqlanan ittihamlar büdcə pullarının talanması mexanizmlərinə bir daha işıq salır. Dövlət qurumlarında yuva salmış mütəşəkkil cinayətkar dəstələr dövlət vəsaitlərini ələ keçirmək üçün çox sadə üsullardan istifadə ediblər.

Büdcənin investisiya xərclərində təmir-tikinti və s. məqsədlər üçün nəzərdə tutulan vəsait formal olaraq keçirilən tenderlərdə qalib elan olunan, nazirə və ya yüksək rütbəli başqa məmura yaxın şirkətə verilir. Pullar bəzən tam şəkildə, bəzən qismən köçürülür. Şirkət rəhbəri vəsaiti nağdlaşdıraraq, əvvəlcədən razılaşdırılmış faizi “otkat” şəklində geri – iş sahibinə ödəyir. Azərbaycanda neft pulları hesabına həyata keçirilmiş əksər layihələrdə bu “qızıl qayda” keçərlidir. Heç bir dövlət təşkilatı şəffaf işlədiyini, belə mexanizimlərdən istifadə etmədiyini iddia edə bilməz. Bu, mübahisə doğurmayan məsələ olduğuna görə, prosesin başqa maraqlı tərəflərinə diqqət çəkməkdə fayda var.

Əvvəla, Azərbaycanda investisiya xərclərinin necə müəyyənləşdirilməsi, hansı şəkildə bölünməsi ilə bağlı məlumatlar ictimaiyyətdən gizlədilir. Üç il əvvələ qədər Nazirlər Kabinetinin investisiya xərclərinin bölünməsi barədə ayrıca qərarı olurdu. Həmin qərardan məlum olurdu ki, bu il tutaq ki, büdcədə nəzərdə tutulmuş 7 milyard manatlıq investisiya xərcindən hansı qurumlar nə qədər pay alacaq. Eləcə də, mərkəzləşdirilmiş qaydada pul bölgüsü ilə yanaşı, nazirliklərin, komitələrin, dövlət şirkətlərinin investisiya tutumlu layihələri haqqında informasiyalar media üçün qismən əlçatan idi. Parlamentdə bu rəqəmlər bəzən deputatlar tərəfindən sorğulanırdı və beləliklə, məhdud da olsa, cəmiyyət dövlətin investisiya xərclərindən xəbər tuturdu. Doğrudur, medianın, ekspertlərin bəzən şişirdilmiş, lüzumsuz layihələrə dair tənqidləri effekt vermirdi. Çünki büdcə qəbul olunduqdan sonra bu tənqidlər nə parlament, nə də icra hakimiyyəti tərəfindən nəzərə alınırdı.

Son illər büdcə layihəsi hazırlanarkən investisiya xərclərinin istiqamətləri tamamilə ictimaiyyətdən gizli saxlanılır. Çünki 2018-ci ildən etibarən investisiya bölgüsü ilə bağlı sərəncam vermək hüququ Nazirlər Kabinetindən alınıb. İndi yalnız bir informasiya verilir ki, məsələn, bu ilin 26.9 milyard manatlıq büdcəsində investisiya xərcləri 7 milyard manat civarında nəzərdə tutulub. Daha həmin 7 milyardın hansı qurumlar arasında bölüşdürüləcəyi, hansı layihələrə sərf olunacağı barədə heç bir rəqəm təqdim olunmur. Deputatlara paylanan büdcə layihələrində də bu barədə məlumat verilmir. Biz investisiya xərclərini yalnız ölkə başçsının vaxtaşırı verdiyi sərəncamlarda görürük ki, məktəb tikintisi, yol təmiri, artezian quyusunun qazılması, müxtəlif abadlıq, tikinti üçün nə qədər vəsait ayrılır.

Büdcənin necə xərclənməsinə nəzarət edən Hesablama Palatası, Maliyyə Nazirliyi ilin müxtəlif vaxtlarında yoxlamalar həyata keçirir. Bu barədə hesabat hazırlanır və aidiyyəti üzrə təqdim olunur. Bu hesabatlarda dövlət vəsaitlərinin necə silinməsi, mənimsənilməsi barədə detallı informasiyalar var. Amma bu faktlar üzrə çox az hallarda cinayət işləri qaldırılır və günahkar şəxslər məsuliyyətə cəlb olunur. Əksər hallarda oğurlanan vəsaitlərin bir qisminin geri ödənildiyi, məmurlara xəbərdarlıq, tənbeh cəzalarının verildiyi barədə informasiyalar yayılır. Bu da büdcəyə nəzarət mexanizminin effektsiz olduğundan xəbər verir.

İqtisadçı ekspert Rövşən Ağayev bildirdi ki, 2017-ci ilə qədər investisiya xərclərini Nazirlər Kabineti öz sərəncamı ilə bölüşdürürdü və o sərəncamı tapmaq vətəndaş cəmiyyəti üçün daha asan idi:

“Amma 2017-ci ildən başlayaraq prezident sərəncamı ilə bölüşdürülməyə başladı və sənədi əldə etmək mümkünsüz oldu. Buna əvvəldən yalnız bir səbəb olub – hökumət büdcə şəffaflığında maraqlı deyil”.

Ekspertin sözlərinə görə, əgər büdcə səmərəli xərclənsə, media və vətəndaş cəmiyyətinin ciddi qüsur tapa bilməyəcəyi büdcə olsa, şəffaflıqda maraqlı olarlar: “Deməli, səmərəli xərclədiklərinə əmin olmadıqları, eləcə də müstəqil büdcə monitorinqlərindən çəkindikləri üçün şəffaf olmaq istəmirlər”.

R. Ağayevin fikrincə, dövlət xərcləmələri üzərində daxili və xarici audit orqanlarının geniş səlahiyyətləri və müstəqilliyi, büdcənin şəffaf və səmərəli xərclənməsi üçün isə effektiv hüquqi baza olsaydı, belə mənzərə yarana bilməzdi. Ekspert qeyd etdi ki, dövlət satınalmalarına nəzarət orqanı korrupsiya riski yüksək və qeyri-effektiv xərcləmələri davamlı xarakter alan satınalmalar üzərində elektron kameral audit sistemini qura, qeyri-rəqabətli satınalma üsullarının qarşısını ala bilsəydi, hüquq-mühafizə orqanları prosesin ən sonunda səhnədə görünərdilər:

“Bu orqanlar harasa getmədən, öz otaqlarında istintaq və ittiham üçün hazır sənədləri qəbul edərdi, məsələ də bitərdi. Ölkədə dövlət satınalmalarına nəzarət orqanı yalnız kağız üzərində mövcuddur. Bu gün Azərbaycanda elektron satınalma mexanizminin potensialının maksimum 5%-i istifadə edilir – 95% istifadəsiz qalıb. Elektron satınalma mexanizminin elə resursları və alətləri var ki, sistem özü korrupsiya risklərini məmura ötürür.”

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti