Deputat: Prezident İlham Əliyevin Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında Sərəncamı alimin fəaliyyətinə verilən yüksək qiymətdir

10-07-2019, 12:34
21
Deputat: Prezident İlham Əliyevin Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında Sərəncamı alimin fəaliyyətinə verilən yüksək qiymətdir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncamı məşhur azərbaycanlı geoloq alimin fəaliyyətinə, xalqımız qarşısındakı xidmətlərinə verilən yüksək qiymətdir.

Bunu Trend-ə açıqlamasında Şəmkir rayonundan Milli Məclisin deputatı seçilmiş, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Sahibə Qafarova deyib.

Deputat xatırladıb ki, sərəncama əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün "Fərman Salmanov adına təqaüd" təsis edilib. Həmçinin Şəmkir şəhərində Fərman Salmanovun heykəli ucaldılacaq, Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə Fərman Salmanovun adı veriləcək.

O bildirib ki, dövlətimizin başçısı həmişə xalqımız və elmimiz qarşısında yüksək xidmətləri olan dəyərli elm xadimlərimizin fəaliyyətinə yüksək qiymət verib, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edib. Fərman Salmanovun xatirəsini əbədiləşdirmək məqsədilə imzalanan Sərəncam da bu mənada yüksək qiymətə layiqdir.

Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Fərman Salmanovun azərbaycanlı alim kimi dünyada böyük nüfuz qazandığını söyləyən S.Qafarova deyib ki, o, məşhur geoloq kimi bütün həyatını neft və qaz yataqlarının işlənməsinə həsr edib. Rusiyanın Tümen şəhərinin zəngin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi Fərman Salmanovun adı dünya neft tarixinə qızıl hərflərlə yazılıb. Fərman Salmanovun rəhbərliyi altında karbohidrogen ehtiyatları ilə zəngin yüzdən artıq irihəcmli yataq kəşf edilərək istismara verilib. F.Salmanovun neft və qaz geologiyası sahəsində fundamental elmi axtarışlarının və zəngin tədqiqatlarının nəticələri bu gün də mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. O, genişmiqyaslı fəaliyyətinə görə müxtəlif mükafatlarla təltif olunub, Sosialist Əməyi Qəhrəmanı adına, SSRİ Dövlət mükafatına, Azərbaycanın ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülüb. Bir müddət əvvəl isə Rusiyanın Tümen vilayətində yerləşən "Surqut" hava limanına Fərman Salmanovun adı verilib.

Məşhur geoloqla görüşünü xatırlayan S.Qafarova tanınmış alimin öz xalqını və dövlətini dərindən sevən vətənpərvər insan, geniş dünyagörüşünə malik dəyərli ziyalı olduğunu bildirib. Sahibə Qafarova deyib ki, F.Salmanov tanınmış ictimai xadim kimi də Azərbaycan cəmiyyətində yüksək nüfuz qazanıb. O, Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafına özünəməxsus töhfələr verib, xalqımızı və dövlətimizi daim yüksək səviyyədə təmsil edib. Ona görə də, bu gün Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncam F.Salmanovun fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirilir.

Vaxtilə F.Salmanovun təhsil aldığı və gələcəkdə adını daşıyacaq məktəbin 2015-ci ildə yenidən tikildiyini vurğulayan deputat qeyd edib ki, bu təhsil ocağı ən yüksək standartlara cavab verir. Həmin məktəbə dəyərli alimin adının verilməsi isə şəmkirlilərin çoxdankı arzusu idi və bu gün bu arzu gerçəkliyə çevrildi. Şəmkir rayon seçicilərinin adından Prezident İlham Əliyevə minnətdarlıq edən Milli Məclisin deputatı əlavə edib ki, rayon sakinləri bu sərəncamı böyük sevinclə qarşılayıblar.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti