Millət vəkili: “Siyasi divident əldə etmək üçün ictimaiyyəti çaşdırmaq lazım deyil”

10-09-2019, 11:31
12
Millət vəkili: “Siyasi divident əldə etmək üçün ictimaiyyəti çaşdırmaq lazım deyil”


REAl partiyasının sədri İlqar Məmmədovun sosial şəbəkədə paylaşdığı bir fikir müzakirələrə səbəb olub. REAL sədri paylaşımında bildirib: “Azərbaycanın Avropa Birliyindəki (AB) səfiri bu yaxınlarda “Euractiv” portalına müsahibəsində AB ilə genişmiqyaslı sazişin hazırlanmasını şərh edərkən demişdi ki, Azərbaycan dövlətinin Brüsselə ödəyəcəyi hesab-filanı yoxdur. Ola bilər sizinlə nəzakətli davranaraq həmin hesabı sizə təqdim etməyiblər. Yoxsa ki, siyasi təqib ucbatından Avropaya sığınaraq hərtərəfli sosial təminat alan on minlərlə, bəlkə də yüz minlərlə Azərbaycan vətəndaşının pulunu Avropanın sadə vergi ödəyiciləri niyə ödəməlidirlər? Sadə Avropa vətəndaşının cibindən yığılan pul niyə hakim rejimin repressiyalarından qaçan vətəndaşlarımızın saxlanılmasına xərclənməlidir? Bu hesabı qarşınızda qoysalar, rejim təmsilçilərinin Avropadakı mülkləri məhz həmin xərcləri ödəmək üçün bir gün müsadirə oluna bilər. Əslində olunmalıdır da. Xalqımızı Avropa qarşısında niyə minnətçi edək? Azərbaycan rəhbərliyi vətəndaşlarımızı geri qaytarmaq haqqında, onların ölkə iqtisadiyyatının inkişafına xidmət etməsi haqqında düşünməlidir. Bunun üçün qanun aliliyi, demokratiya, və insan haqlarıın müdafiəsi birinci şərtdir. Bilirəm ki, bu üç məsələyə dair sazişin mətni lap çoxdan razılaşdırılıb və mübahisələr ancaq iqtisadi mövzularda gedir. Amma ola bilər, Azərbaycan rəhbərliyi iqtisadi mövzuda mübahisələri sadəcə bəhanə kimi istifadə edir və onun məqsədi - demorkatiya haqqında dialoqa dair çoxdandır razılaşdırılmış saziş maddələrini bir gün şübhə altına qoymaq, onların gələcəkdəki təsirini zəiflətməkdir”. REAL sədrinin bu fikirlrinə Milli Məclisin deputatı Nəsib Məhməliyev münasibət bildirib. Millət vəkili Bizimyol.info saytına verdiyi açıqlamada bildirib ki, REAL sədri siyasi divident qazanmaq üçün cəmiyyətdə fikir çaşqınlığı yaradır. “Əvvəla qeyd etmək istəyirəm ki, Azərbaycan müstəqil dövlət olaraq Bütün ölkələrlə (Ermənistan istisna olmaqla), eyni zamanda beynəlxalq birliklərlə, təşkilatlarla iki tərəfli, bərabər hüquqlu siyasi, iqtisadi münasibətlər qurmuşdur və bu münasibətlər yüksələn xəttlə inkişaf etməkdədir. Səfirin son bəyanatı AB ilə Azərbaycan arasında “ Şərq tərəfdaşlığı” çərçivəsində nəzərdə tutulan strateji müqavilənin şərtlərinin əsasən imzalanmağa hazır olduğunu göstərir. Mənim məlumatıma görə, Azərbaycanın maraqlarına uyğun gəlməyən bir neçə prinsipial məsələ var ki, əks tərəf bu məsələlərdə kifayət qədər öz imkanlarından istifadə etmir. Misal olaraq, Ümumdünya Ticarət Təşkilatına qəbul məsələsində hesab edirəm ki, çox böyük iş görə bilər, passiv mövqe tutur. Dağlıq Qarabağ probleminin həllində beynəlxalq hüquq normalarına uyğun həll olunmasında AB- nin təsir imkanlarının olmasına baxmayaraq seyrçi mövqe nümayiş etdirir. Mübahisəli məsələlərdən biri də Azərbaycan hava məkanının Avropa şirkətləri üçün açılması, iqtisadiyyatla, ticarətin liberallaşdırılması, bank sektoru ilə bağlı məsələlərdir ki, bunlar da yaxın vaxtlarda razılaşdırılacaqdır”. Ümumiyyətlə, xalqımız üçün belə tale yüklü məsələlərdə tələskənliyə yol vermək olmaz. Hər şey çox dəqiqliklə ölçülüb biçilməli, dövlətimiz üçün müsbət və mənfi cəhətləri öyrənilməli, ondan sonra imzalanmalıdır. Əminliklə deyə bilərəm ki, respublika prezidenti cənab İlham Əliyevin beynəlxalq münasibətlər sisteminin qurulmasında təcrübəsi çox böyükdür, geniş informasiya resurslarına malikdir və müqavilənin məhz Azərbaycan xalqının maraqlarına uyğun şəkildə imzalanmasını təmin edəcəkdir. Onsuz da biz öz təbii sərvətlərimizi Avropa bazarlarına çıxarırıq, “ Cənub “ qaz dəhlizi yekunlaşmaq üzrədir.Yəni münasibətlər inkişaf edir. Amma bu başqa məsələdir ki, hər zaman olduğu kimi, burada da müxalifət öz siyasi ambisiyalarını həyata keçirmək üçün insanları çaşdırmağa çalışırlar. Birincisi Real partiyasının sədri İlqar Məmmədov hardan götürüb ki, Avropada Azərbaycandan yüz minlərlə siyasi mühacir var. Bu absurddur. İkincisi, bu məntiqlə Afrika , Yaxın Şərq , Asiya ölkələrindən mühacirətə gələn milyonlarla insana görə həmin (bəzi hallarda) tamamilə dağıdılmış ölkələrə də hesab təqdim edəcəklər? Təbii ki, inandırıcı deyil və əsas da yoxdur. Siyasi divident əldə etmək üçün ictimaiyyəti çaşdırmaq lazım deyil. Bir daha qeyd etmək istəyirəm ki, əsas məqsəd bağlanacaq sazişin Azərbaycanın maraqlarına cavab verməsi, daxili bazarın qorunmasıdır. Qaldı ki, demokratiyanın inkişafı, burada hakimiyyət özü bunda maraqlıdır və bu istiqamətdə sistemli iş aparılır. Vətəndaş cəmiyyətinin qurulması, mətbuat azadlığı, söz azadlığının təmin olunması,internet resurslarından sərbəst istifadə, senzuranın olmaması və digər məsələlər cəmiyyətimizdə bərqərar olmuşdur. Burada hər hansı manipulyasiyadan söhbət gedə bilməz”. İlhamə Rəsulova Bizimyol.info

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti