Primakovla bağlı deputatdan sərt reaksiya: O müsabiqəni keçirənin ağlı başındadırmı?!

1-11-2019, 13:34
9
Primakovla bağlı deputatdan sərt reaksiya: O müsabiqəni keçirənin ağlı başındadırmı?!
Xəbər verildiyi kimi, oktyabrın 29-da Bakıda Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş sərgi keçirilib. Sərgi Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində baş tutub. Sərgidə Rusiya Xarici İşlər Nazirliyinin arxivindən sənədlər və fotoşəkillər təqdim olunub.

Sərgidən bir neçə gün öncə isə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Y.Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı esse müsabiqəsi keçirilib.

Qeyd edək ki, müsabiqə Rusiyanın Azərbaycandakı səfirliyinin layihəsi olub. Lakin müsabiqənin keçirilməsi kəskin tənqidlərə səbəb olub. Sosial şəbəkələrdə Bakı Slavyan Universiteti (BSU) ilə bağlı ciddi və sərt reaksiyalar yer alıb.

Tənqidi fikir bildirənlər Primakovun bir zamanlar 20 Yanvar hadisəsinin iştirakçısı olduğunu əsas gətirərək, ölkəmizdə belə hallara yol verilməsinin qəbuledilməz olduğunu bildiriblər.

Hadisə ilə bağlı açıqlama verən BSU-nun mətbuat katibi Mənsur İbrahimov bildirib ki, universitetin rektoru Nurlana Əliyeva haqqında sosial şəbəkələrdə əsassız iddialar yer alır:

“Həmin yazıya cavab olaraq bildiririk ki, Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilmiş esse müsabiqəsi Rusiyanın Azərbaycandakı səfirliyinin layihəsi olub.

BSU-nun yazı müsabiqəsinin qalibi olmuş tələbələri səfirliyin BSU-ya rəsmi məktubu əsasında həmin yazı müsabiqəsində iştirak ediblər.

Onu da qeyd edək ki, yazıda adları çəkilən tələbə-gənclər əcnəbi tələbələrdir və Rusiya Federasiyasının vətəndaşlarıdırlar”.

Məsələni dəyərləndirən millət vəkili Fazil Mustafa Sherg.az-a açıqlamasında bildirib ki, bu mövzuda müsabiqədə iştirak etmiş tələbələri günahlandırmaq düzgün deyil:

“Çünki tələbə hansısa məlumatdan xəbərsiz ola bilər. Rusiya səfirliyinin istənilən tədbiri keçirmək üçün müraciət etmək hüququ var. Amma bizim konkret olaraq universitet rəhbərliyimiz oturub müzakirə etməlidir ki, hansı tədbirlər məqsədəuyğundur.

Primakov böyük düşüncə adamı və yazıçı deyil. Primakov, təbii ki, savadlı şəxs olub. Onun Rusiyada Elmər Akademiyası səviyyəsində və Şərq ölkələri arasında şərqşünaslıq sahəsində ciddi araşdırmaları var.

Primakov Tiflisdə doğulub. Amma görün orada belə tədbiri keçirə bilərlərmi? Təbii ki, yox.

Azərbaycanlılar sadəcə olaraq nəyi niyə qeyd etdiklərini anlamayan cəmiyyətdir. Artıq 30 ildir ki, biz 20 Yanvarda faciəmizi qeyd edirik. Universitet rəhbərliyi və tələbələr hələ dərk etməyiblər ki, 20 Yanvar hadisələrini törədən kimdir? Puşkin, Dostoyevski və rus mədəniyyətinin digər böyük şəxsiyyətlərinin yubileyi və esse müsabiqəsi olsa, başa düşərik. Çünki onlarla bağlı problem yoxdur.

Bu tədbiri və müsabiqəni yönləndirən insanlar məsuliyyət daşıyırlar ki, onlar hansı əsasla insanları yönləndirirlər ki, gedib Primakovu tərifləsinlər. Primakovun elmi və əlahiddə bir irsi olsaydı, başa düşərdim ki, Bakı qırğınında iştirak edib, amma ədəbiyyat adamı kimi ona qiymət verilsin. Amma onun dəyəri nə dərəcə əlahiddədir ki, Azərbaycanda belə tədbir keçirilir?”

Deputat qeyd edib ki, hadisədə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi ilə bağlı problem yoxdur:

“Onlar istənilən təklifi verə bilərlər. Bəs təklifi alanın ağlı başındadırmı? Məncə, bu məqama fikir vermək lazımdır. Ona görə də məsələdə siyasi cəhətdən böyük bir savadsızlıq nümunəsi göstərilib. Bu, heç xoşagələn hal deyil”.

 

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti