Paşinyana istər zurna çal, istərsə də qaval, xeyri olmayacaq...

17-02-2020, 12:30
18
Paşinyana istər zurna çal, istərsə də qaval, xeyri olmayacaq...

 

Paşinyana istər zurna çal, istərsə də qaval, xeyri olmayacaq...

 


 

Azərbaycan prezidenti Almaniyada "Münhen Təhlükəsizlik Konfransı" çərçivəsində keçirilən debatda Paşinyana "alman dəqiqliyi" ilə tarix dərsi keçərkən, bu "dərsdə" şuluqluq edən Nikolun yaxın 200 ildə baş verənlərdən xəbərsiz olduğu halda, burnunu eradan əvvəlki dövrlərə soxması, əslində onun Qarabağ probleminin tezliklə həll edilməsindən qaçması idi. Ancaq dərs boyu "ermənibaşın" özünü "gah Tiqrana, gah da mikroinqilaba" vurması ona kömək etmədi.
Maraqlıdır ki, bir vaxtlar siyasi baxışlarına görə Universitetdən qovulmuş Nikolun tarixi kəmsavadlığı Ermənistan politoloqlarının da diqqətindən yayınmadı.
Baxın, "Politekonomiya" araşdırma institunun direktoru, politoloq Andranik Tevanyan debat zamanı olduqca siyasi və tarixi savadsızlıq nümayiş etdirən "paşasının" bütün parametrlərdə Azərbaycan prezidentinə məğlub olduğunu qeyd edərək yazır ki, "Münhendə Paşinyanın özünü necə apardığı, kimin diktə etdiyi, kiminsə uduzduğu açıq-aşkar göründü. Onun təklifi "münaqişənin nizamlanması Azərbaycan, Ermənistan və "Qarabağ" xalqı tərəfindən həll olunmalıdır" deyə, bu boş sözdən ibarət oldu. Elə təsəvvür yarandı ki, Ermənistan baş nazirinin bundan başqa söyləyəcək bir sözü yoxdur. Biz, əslində Nikol Paşinyanın əsl çəkisini gördük. Paşinyanın nə siyasi savadı, nə operativ reaksiya qabiliyyəti, nə də cürəti var. Bunun əvəzində bizlərə hələ "Böyük Tiqran"dan danışır. Nikol Paşinyan bir daha göstərdi ki, dövlət rəhbəri kostyumu ona çox böyük gəlir" deyə, tənqid edir.
Əlbəttə, Paşinyanın hansı savada malik olması, hansı səviyyədə görünməsi, kostyumunun geniş və ya dar olması Azərbaycan üçün önəmli deyil. Önəmli olan odur ki, gərək Azərbaycan vaxt itirmədən Qarabağı azad etməklə öz hüquqi ərazilərini ermənilərə "dar" etsin. 
Doğrudur, bunu etmək üçün beynəlxalq hüquq və təşkilatların mövqeləri tamamilə Azərbaycanın tərəfindədir. Yəni Ermənistan rəsmən işğalçı dövlətdir. Ancaq bunu bütün dünya bildiyi halda ona qarşı beynəlxalq qurumların sanksiya və ya hansısa formada təzyiq etməməsi "qızın iki adaxlısı var" deyimini yada salır. Hamıya bəllidir ki, Ermənistanı Cənubi Qafqazda "Kardaşyan donunda" görən ABŞ və Rusiya bu "gözəlçəni" öz aralarında bölüşə bilmirlər deyə hər biri öz tərəfindən onun nazını çəkməyə məhkum olublar. Ara yerdə isə Azərbaycan bir "aradaqalmışın" oyununa düşüb. 
Məgər belə olmasaydı onun-bunun yanına sığınan Ermənistan "paşası"  həyasızlıqla Qarabağın işğal edildiyi faktını etiraf edərək öz oğlu Aşotun erməni silahlı qüvvələrinin sıralarında Azərbaycanın işğal olunmuş ərazilərində xidmət etdiyini qürurla dilinə gətirərdimi? 
Maraqlıdır, bu görüşdə Azərbaycan prezidentinin tarixə istinadən qeyd etdiyi arqumentlərdən - Kürəkçay, Türkmənçay və Gülüstan müqavilələri, Qafqaz bürosunun qərarı, Şaumyanla bağlı fikirlər, Xankəndinin adının mənası, İrəvanın ermənilərə verilməsi, onların bir dəfə öz müqəddəratlarını müəyyən etdikləri, işğalçı olmaları ilə bağlı BMT-nin 4 məlum  Qətnaməsi və digər bu kimi əsaslı faktlarlardan başqa daha nə deməli idi ki, Paşinyan və onun ölkəsi bu yolda haqsız olduğunu qansın? Bütün bunlar onu deməyə əsas verir ki, Paşinyana, həmçinin, bütün ermənilərə istər zurna çal, istərsə də qaval, xeyri olmayacaq, onlar öz bildikləri "oyunu" bu gedişlə hələ çox oynayacaqlar.
P.S. Köhnə vaxtlarda rayon, kənd yerlərində adətən zurna-qavallı toylarda oynayanlar arasında dava düşürdü. Qolu zorlu olan sonda öz havasını çaldırıb oynayırdı. Qarşıdan yaz gəlir, istək olsa Qarabağdan Xanın səsi yenə havalana bilər... 
 
Mübariz Azərbaycanlı, müstəqil jurnalist
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti