"Bu vandalizm və vəhşilik uzun çəkməyəcək"

3-10-2020, 08:11
30
"Bu vandalizm və vəhşilik uzun çəkməyəcək"

 


 

Son 30 ildə səbirsizliklə gözlədiyimiz gün artıq gəlib çatmışdır. Azərbaycan xalqı ölkə ərazisinin bütövlüyünü təmin etmək və danışıqlar yolu ilə torpalarımızı geri qaytarmaq istəməyən işğalçı Ermənistanla vətən müharibəsinə başlamışdır. Müharibənin elə ilk saatlarından şanlı ordumuz mənfur düşmənə öz gücünü və qüdrətini göstərməyə başladı. Qısa bir zamanda zəbt edilmiş torpaqlarımızın bir hissəsi, bir neçə strateji əhəmiyyətli yüksəkliklər azad olundu, düşmənin xeyli canlı qüvvəsi və döyüş texnikası məhv edildi, mühəndis-istehkamları dağıdıldı. Təbii ki, bu qanlı müharibədə əldə olunan qələbəmizin əsasında hər şeydən əvvəl Azərbaycan Respublikası Prezidenti cənab ali baş komandan İlham Əliyev tərəfindən ölkəmizdə güclü iqtisadiyyatın yaradılması uğrunda apardığı uğurlu və məqsədyönlü siyasət dayanır. Ulu öndər Heydər Əliyev tərəfindən hələ vaxtilə böyük uzaqgörənliklə söylənən dahiyanə kəlam: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikri artıq bu gün düşmənlə döyüş meydanında öz təsdiqini tapmağa başlamışdır.
Məlumdur ki, müstəqilliyimizin ilk illərində ölkəmizin torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olundu. Lakin elə həmin dövrdən iqtisadiyyatımız ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə surətlə inkişaf etməyə başladı. Nəticədə iqtisadi gücümüz tədriclə hərbi gücə çevrildi, yeni müasir dünya standartlarına cavab verən və hazırda doğma torpaqlarımızı mənfur erməni işğalçılarından təmizləmək məqsədilə uğurla müharibə aparan milli ordumuzun yaradılması üçün yaranmış imkanlar və resurslar davamlı olaraq reallaşdırıldı.
Bu gün ölkəmiz özünün əzəli, tarixi və beynəlxalq hüquq tərəfindən tanınan torpaqlarımızın geri qaytarılması uğrunda müharibə aparmağa məcbur olmuşdur. Bu məcburiyyət xüsusilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının işğal olunmuş torpaqlarımızla bağlı qətnamələrinə Ermənistan dövləti tərəfindən heç bir məhəl qoyulmaması, bu qətnamələrdən irəli gələn vəzifələrin həlli istiqamətində beynəlxalq səviyyədə heç bir əməli tədbir görülməməsi, xüsusən son dövrlərdə rəsmi Yerevan tərəfindən məsuliyyətsiz və militarist xarakterli bəyanatların güclənməsi, ölkəmiz əleyhinə müxtəlif təhdidlərin və provakasiyaların genişlənməsi, nəticədə xalqımızın “səbr kasası”nın dolub daşması ilə bağlı olmuşdur.
Azərbaycan Respublikası Prezidenti rəsmi şəkildə bildirmişdir ki, bizim Ermənistan torpaqlarında siyasi və hərbi maraqlarımız yoxdur. Bu isə o deməkdir ki, hazırda xalqımızın düşmənə qarşı apardığı müharibə ədalətli müharibədir və o, danışıqlar yolu ilə torpaqlarımızı geri qaytarmaq istəməyən başqa bir ölkənin torpaqlarının zəbt edilməsi deyil, özünün işğal olunmuş torpaqlarının azad olunması məqsədi daşıyır. Bu gün döyüş meydanlarında məğlubiyyətini görən işğalçı düşmən öz təxribatçı və dağıdıcı fəaliyyətini günahsız mülki əhalimizə, o cümlədən qadınlarımızı və uşaqlarımızı hədəf alaraq müharibə zonasından kənarda yerləşən şəhər və kəndlərimizə qarşı yönəltmişdir.
Lakin əminik ki, beynəlxalq səviyyəli cinayətlər kimi qiymətləndirilən bu vandalizm və vəhşilik uzun çəkməyəcək. Əminik ki, Azərbaycan Respublikası Prezidenti cənab İ.Ə.Əliyevin iradəsi və qətiyyəti, xalqla hakimiyyətin həmrəyliyi, ölkəmizdə yaranan siyasi birlik, xalqımızın ruh yüksəkliyi və qələbəyə möhkəm inamı sayəsində mənfur düşmən torpaqlarımızdan qovularaq, ölkəmizin ərazi bütövlüyü qəti və birdəfəlik olaraq təmin ediləcəkdir.
UNEC, Magistratura mərkəzinin direktoru, əməkdar müəllim,
iqtisad elmlər doktoru, professor Qabil Nadir oğlu Manafov
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti