“Qarabağa dair imzalanan sənəddə iki kritik bənd var” - GƏLİŞMƏ

18-11-2020, 11:42
19
“Qarabağa dair imzalanan sənəddə iki kritik bənd var” - GƏLİŞMƏ

Qarabağ müharibəsinin bitməsi ilə bağlı Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri tərəfindən noyabrın 10-da bəyanat imzalandı. 9 maddədən ibarət bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu.

Həmçinin, bəyanatda Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 nəfərlik odlu silahlı hərbi qulluqçusunun, 90 hərbi zirehli texnikasının, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentinin yerləşdirilməsi qeyd olunub.

Mövzunu AYNA-ya şərh edən türkiyəli politoloq, “Bəyaz Hərəkat” dərnəyinin sədr müavini, “Coreturk” Beynəlxalq Məsləhətçi Şirkətinin təsisçisi Erdem Eren hesab edir ki, imzalanan sənəd, hər şeydən əvvəl razılaşmadan daha çox Ermənistan və onun Baş naziri Nikol Paşinyanın təslim olmasının göstəricisidir: “Azərbaycan ilə Ermənistan arasında sentyabrın 27-də başlayan silahlı qarşıdurma noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış bəyanatla yekun həllini tapmış kimi görünür. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da gecə saatlarında efir vasitəsi ilə müharibənin sona çatdığını və atəşkəslə bağlı razılaşma əldə edildiyini açıqladılar. Həm dünya ictimaiyyəti, həm də Türkiyənin qəbul etdiyi ən əsas həqiqət isə budur: Azərbaycan 30 ilə yaxın vaxt ərzində apardığı haqlı mübarizəsində, demək olar ki, böyük ölçüdə qələbə qazandı. Bununla da, Azərbaycan həm noyabrın 10-na qədər işğaldan azad etdiyi əraziləri özündə saxlayacaq, həm də Ermənistanın işğal altında saxladığı digər əraziləri də geri qaytara biləcək. Bütün bunlar da Azərbaycan üçün çox böyük üstünlükdür”.

“Lakin bəyanatda kritik olan 2 maddə var: Bunlardan biri Rusiyanın bölgədə sülhməramlı rolu ilə bağlıdır. Hər nə qədər Türkiyə ictimaiyyətində bu, qəbul edilməsə də, Ermənistan qoşunlarını bölgədən çıxarmaq üçün Rusiyanın roluna müsbət yanaşmaq lazımdır. Bəyanatda qeyd olunması mühüm olan digər maddə isə Azərbaycandan Naxçıvana quru yolun açılmasıdır. Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi nə qədər böyük uğurdursa, bu yolun açılması da bir o qədər böyük uğurdur. Münaqişə başlayandan bu günə qədər Türkiyə Respublikası, Prezident Rəcəb Tayyip Ərdoğan başda olmaqla, Azərbaycana böyük dəstək nümayiş etdirib. Azərbaycanın siyasi cəhətlə yanaşı, hərbi baxımdan da Ermənistana qalib gəlməsi, həmçinin Türkiyə Respublikasının müdafiə sənayəsinin inkişafı və Azərbaycana verdiyi dəstək təbii ki, çox vacib məsələdir. Həmçinin, Rusiya Federasiyasının münaqişə başlayan gündən neytral qalması da Ərdoğanın Putinlə birlikdə yürütdüyü diplomatik təmaslar sayəsində mümkün oldu”, - politoloq bildirib.

Eren xatırladıb ki, Prezident Ərdoğan, münaqişə başlayan gündən etibarən Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsinin vacib olduğunu şəxsən Putinə dəfələrlə bildirib: “Bu razılaşma hər şeydən əvvəl həm İlham Əliyevin liderliyinin, həm də Rəcəb Tayyib Ərdoğanın apardığı mübarizənin nişanəsidir. Bundan əlavə, Azərbaycandan Naxçıvana quru yolun açılması da Ərdoğanın 2002-ci ildən bəri həyata keçirdiyi xarici siyasətinin yeni strateji addımı kimi görünür. Məlum olduğu kimi, Vladimir Putinin xarici siyasətində ən önəmli hədəflərindən biri Avrasiyada siyasi və iqtisadi əməkdaşlıq formalaşdırmaqdır. Bu məqsədlə də Rusiya Federasiyası Avrasiyada bu günə qədər bir çox beynəlxalq təşkilatın quruluşunu reallaşdırıb. Belə ki, Müstəqil Dövlətlər Birliyi (MDB) ilə başlayan proses, Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyi kimi layihələrlə davam edib. Bilindiyi kimi, Ərdoğan da bir neçə dəfə, xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatına Türkiyənin də qoşulmaq istədiyini dilə gətirib və Putin də buna müsbət yanaşıb. Türkiyənin Avrasiya coğrafiyasına inteqrasiya olunmaq istəyi isə açıq-aşkar məlumdur”.

“Bir daha qeyd edim ki, Naxçıvandan Azərbaycana quru yolun açılması sadəcə bu bölgələri bir-birinə bağlamayacaq. Bu yol vasitəsilə Türkiyə birbaşa həm Azərbaycana, həm Orta Asiyaya, həm də Avrasiya coğrafiyasına inteqrasiya şansı əldə edəcək. Buna görə də bu yolun açılmasının memarları Vladimir Putin və İlham Əliyevlə yanaşı, həm də Rəcəb Tayyib Ərdoğandır. Həmçinin, İlham Əliyevin də dediyi kimi, Qarabağda sadəcə Rusiya hərbçiləri deyil, eyni zamanda Türkiyə hərbçiləri də sülhməramlı kimi yer alacaq. Bu da hər şeydən əvvəl Qarabağdakı sülh və təhlükəsizliyin təminatı olacaq. Çünki Türkiyə əsgəri bu gün başda Balkan yarımadası olmaqla, Liviya, Suriya, Qətər, Somali və yer aldığı bütün coğrafiyalarda sülhün ən büyük təminatçısı olub” - müsahibimiz vurğulayıb.

Təşkilat sədri yekun olaraq bəyanatın maddələrinə təmkinli yanaşmağın vacib olduğunu deyib: “Sözügedən bəyanatın maddələrinə həqiqətən də əməl ediləcəyinə hər zaman diqqət etmək və buna təmkinli davranmaq lazım olduğunu yadda saxlamaq lazımdır. Ona görə də Rusiya ilə diplomatik əlaqələr davam etdirilməli, həm Türkiyə, həm də Azərbaycan tərəfindən bəyanatın maddələri qorunaraq, əks halda mübarizənin mümkün vəziyyətdə davam edəcəyi vurğulanmalıdır. Son olaraq qeyd edim ki, Qarabağda Xocalının intiqamını almaq və işğal altındakı torpaqları azad etmək uğrunda şəhid və qazi olan əsgərlərimizə dua edir, ortaq qələbimizi səmimi qəlbdən təbrik edirəm”.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti