Yeni birinci xanım - Amerikalılar ondan dərs alacaqlar

9-01-2021, 12:16
10
Yeni birinci xanım - Amerikalılar ondan dərs alacaqlar

 

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin həyat yoldaşı Cill Bayden ənənəvi birinci xanımlarından olmayacaq.
Moderator.az saytı xəbər verir ki, Novator.az-ın məlumatına görə, Cill Bayden əri ölkənin ikinci adamı (Cozef Bayden 2009-2017-ci illərdə – Barak Obamanın prezidentliyi dövründə vitse-prezident postunu tutub), özü ölkənin ikinci xanımı olduğu dövrdə də fərqli stil seçib, müəllimlik peşəsindən əl çəkməyib, Ağ evin açıqlamalarında “xanım”, “ikinci xanım” kimi yox, həmişə “doktor Cill Bayden” kimi təqdim olunub.
Burada “doktor” sözü alimlik dərəcəsini ifadə edir. Uzun illərdir ingilis dilindən dərs deyən Cill Bayden humanitar elmləri doktorudur.
69 yaşlı Cill Bayden birinci xanım olandan sonra da kollecdə dərs deməyi davam etdirmək fikrindədir. Adətən, ABŞ-da əri prezident seçilən xanım Ağ evdə yaşadığı müddətdə öz peşəsini qurban verir. Prezident xanımının kollecdə dərs deməsi Amerika üçün qeyri-adi haldır.
Artıq ABŞ-ın “Wall Street Journal” qəzetində məşhur köşə yazarı Cozef Epşteyn birinci xanımlığa hazırlaşan Cill Baydenin yenə “xanım” yox, “doktor” titulundan istifadə etməsini pisləyən sərt və ironik məqalə ilə çıxış edib.
Cozef Epşteyn yazıb: “Madam birinci xanım… Xanım Bayden… Körpə Cill… Adının önündən “doktor” sözünü götürsən olmaz? “Dr. Cill Bayden” çox saxta səslənir, hələ gülüş doğurduğunu demirəm”.
Yazıya cavab gecikməyib. Yeni seçilmiş prezidentin kommunikasiya direktoru Keyt Bedinqfild “Twitter”də Cozef Epşteyni “boşboğaz” adlandırıb.
1950-60-cı illərdə ABŞ-da insan haqları hərəkatının liderlərindən olmuş Martin Lüter Kinqin kıçık qızı da Cill Baydenin müdafiəsinə qalxıb. O bildirib: “Mənim atam doktor olmasa da, bu titulu daşıyırdı. Onun gördüyü işlər bəşəriyyətə fayda verdi, Cill Bayden də atam kimi buna çalışır”.
Cozef Epşteynə Cill Baydenin özü də cavab verib. O, “Twitter”də yazıb: “Biz birlikdə elə bir dünya quracağıq ki, orada qız övladlarımızın gördüyü işlərin şan-şöhrəti göylərə qaldırılacaq”.
Cozef Epşteynə cavab verənlərdən biri də amerikalı jurnalist, dramaturq, ssenarist Keli Qolf olub. O, Böyük Britaniyanın “The Guardian” qəzetində “Doktor Cill Bayden ABŞ-ın “ənənəvi” birinci xanımlarından olmayacaq. Bəzi kişilər bunu özünə təhdid kimi görür” başlıqlı məqalə dərc etdirib.
Başlıqdan da göründüyü kimi xanım yazar bu fikirdədir ki, bəzi kişilər Cill Baydenin ənənəvi birinci xanımlardan olmaq istəməməsini özünə təhdid sayır.
Keli Qolf “The Guardian”dakı məqaləsində yazır: “Cill Bayden ölkənin ikinci xanımı olduğu vaxtlarda müəllimlik peşəsindən əl çəkməyib və birinci xanımlıq dönəmində də bu işi davam etdirmək niyyətindədir.
Birinci xanımlar öz peşələrini çox zaman mərasim təşkilatçılığına qurban verirlər. Ərinin (ABŞ-ın 44-cü prezidenti Barak Obamanın) dünyanı idarə etdiyi bir vaxtda onun kimi hüquq təhsili olan Mişel Obamanın Ağ evin bağçasına, Milad bayramı hazırlığına nəzarət etməsi təəccüblüdür. Afro-amerikanlara olan ədalətsizlik nöqteyi-nəzərindən əlbəttə ki, xanım Obamanın uğur qazanması çox çətin idi. Ən yaxşı universitetlərdən birində təhsil almış bu qaradərili, uzaboy qadını qəbul edə bilmirdilər, amma sonra Mişel Obama onlar üçün hər kəsə qucaq açan mirvari boyunbağılı bir xanıma çevrildi.
Melaniya Trampın (ABŞ-ın hazırkı – 45-ci prezidenti Donald Trampın həyat yoldaşı) birinci xanımlıq rolunda elə bir dəyişiklik olmayıb. Əri prezident olmamışdan əvvəl onun pulları hesabına komfortlu həyat yaşayan, modellik edən Melaniya Tramp birinci xanımlığı dövründə cəmiyyətin simasına çevrildi. Birinci xanım kimi onun rolu güc sahibi ərinin cazibədar həyat yoldaşı olmaqdan ibarət idi. Amma özündən əvvəlkilər kimi o da mərasimlərin təşkili ilə, Ağ evlə məşğul olurdu.
Xanım Bayden isə lap əvvəldən elan etmişdi ki, ərinin prezident seçilib-seçilməyəcəyindən asılı olmayaraq kollecdə dərs deməyə davam edəcək. Hələ əri vitse-prezident olduğu zamanlarda o, qəlibdən çıxmışdı. Doğrudur, bəzi öndə gedən ölkələrdə öz peşəsini işlədən birinici xanımalara rast gəlinir, amma Amerika üçün bu çox qeyri-adi haldır.
Beləliklə, Cill Bayden ənənələri qıran birinci xanım kimi yeni tarixə düşəcək.
Sonuncu dəfə qeyri-ənənəvi yolla gedən birinci xanım Hillari Klinton (ABŞ-ın 42-ci prezidenti Bill Klintonun həyat yoldaşı) olub. 1993-cü ildə onun səhiyyə sahəsindəki islahatlara rəhbərliyi uğursuzluqla nəticələnib. O zamanlar prezidentin həyat yoldaşının siyasətlə məşğul olmasına etiraz edirdilər.
Amerikalıların çoxu birinci xanımı ənənələri davam etdirən bir qadın kimi görmək istəyir. O, birinci xanım, birinci ana, birinci şirniyyat bişirən, birinci qucaq açan ola bilər, amma birinci iş qadını, xüsusilə də iddialı bir iş qadını əsla ola bilməz.
Ölkənin ən nüfuzlu şəxsi ilə evli olsa da, Cill Bayden iddialı bir iş qadınıdır və Epşteyni də ən çox narahat edən onun bu xüsusiyyətidir. Cozef Epşteyn “Wall Street Journal”dakı yazısında bildirir: “Doktor Cill” olmaq kimi xırda həvəsdən əl çək və dünyanın ən yaxşı dövlət evində dörd il birinci xanım olmağın məmnunluğunu yaşa”.
Amma Epşteyn qüdrətli kişi ilə evli olan müasir qadının – istər Cill Bayden olsun, istərsə də başqası – ən böyük həvəsinin, arzusunun nə olduğunu bilmir.
Bəlkə də yaxın zamanlarda güc sahibi olan qadınlarla evlənmək istəyən kişilərin sayı artacaq. ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harris və əri Duqlas buna bir misaldır”.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti