“Ermənistan ərazisindəki dini-tarixi abidələrimizə qarşı törədilən vəhşiliklər də ifşa edilməlidir”

24-02-2021, 09:22
19
“Ermənistan ərazisindəki dini-tarixi abidələrimizə qarşı törədilən vəhşiliklər də ifşa edilməlidir”

 

Məşhur Məmmədov: “Beynəlxalq təşkilatlar oradakı abidələrimizin vəziyyəti ilə maraqlanmalı, bu məsələyə məsuliyyətlə yanaşmalıdır”

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov  mediaya açıqlamasında Ermənistan ərazisindəki məscid və abidələrin məhv edildiyini, hətta İrəvandakı məscidlərdən birinin şərab zavoduna çevrildiyini bildirib.

 

Maraqlıdır, işğaldan azad edilən ərazilərimizlə yanaşı, vaxtiylə Qərbi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindəki məscid və abidələrimizin mövcud vəziyyəti də araşdırılmalı, beynəlxalq təşkilatların, dünya ictimaiyyətinin diqqətinin bu məsələyə cəlb olunması təmin edilməlidirmi?

 

Millət vəkili Məşhur Məmmədov, bu məsələdə beynəlxalq təşkilatların üzərinə ciddi məsuliyyət düşdüyünü vurğuladı:

 

“Təbii ki, işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən dağıdılan məscidlərimiz, dini, tarixi abidələrimizlə yanaşı, indiki Ermənistan ərazisində olan məscidlərimizin, abidələrimizin vəziyyətini də diqqət mərkəzində saxlamalıyıq. Çünki bugünkü Ermənistan ərazisi tarixi Qərbi Azərbaycan torpaqlarıdır və bu torpaqlarda xalqımızın çoxlu sayda dini-tarixi abidələri, məscidləri olub. Lakin Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi rəsmisinin də söylədiyi kimi,  Ermənistan ərazisindəki dini-tarixi abidələrimizin də vəziyyəti acınacaqlıdır. Onların böyük əksəriyyəti, hətta qəbiristanlıqlar da məhv edilib, sıradan çıxarılıb. Bu baxımdan beynəlxalq təşkilatlar, o cümlədən UNİCEF müasir Ermənistan ərazisindəki məscidlərimizin, abidələrimizin vəziyyətini diqqətdə saxlamalı, bu abidələrin mövcud vəziyyəti ilə maraqlanmalıdır.

 

Erməni terroru və təxribatı ilə əlaqədar olaraq, vaxtiylə minlərlə soydaşımız Ermənistan ərazisindəki dədə-baba yurdunu tərk etməyə məcbur olub. Onlar öz doğma torpaqlarından didərgin salınıblar. Bu gün həmin soydaşlarımızın da öz dədə-baba yurdlarına qayıtması, oradakı qəbiristanlıqlarını, dini-tarixi abidələrini ziyarət etməsi təmin olunmalıdır. Ermənistan ərazisində dağıdılan abidələrimizin, məscidlərimizin bərpası məsələsi də beynəlxalq təşkilatlar tərəfindən diqqətdə saxlanılmalıdır. Beynəlxalq təşkilatlar Ermənistandan, onu himayə edən qüvvələrdən tələb etməlidir ki, azərbaycanlıların Ermənistan ərazisindəki yurd-yuvalarına qayıdışı təmin edilsin, erməni faşizmi tərəfindən məhv edilən abidələrin, məscidlərin yenidən inşasına, bərpa edilməsinə şərait yaradılsın.

 

Bir sözlə, işğaldan azad edilən torpaqlarımızla yanaşı, Ermənistan ərazisindəki məscidlərin, abidələrin vəziyyəti də gündəmə gətirilməli, Ermənistan ərazisindəki abidələrimizə qarşı törədilən vəhşiliklər də ifşa edilməlidir”.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti