Müəllimin bayram “hədiyyə”si: Məktəblərdə pul yığılırmı?

5-10-2018, 10:37
270
Müəllimin bayram “hədiyyə”si: Məktəblərdə pul yığılırmı?

Hər il olduğu kimi, bu il də Beynəlxalq Müəllimlər Günündə valideynləri maraqlandıran bir sual var: Pul yığılacaqmı? Bir neçə gündür sosial şəbəkələrdə valideynlər bu sualı müzakirə edirlər. 

Bununla bağlı Oxu.Az-ın redaksiyasına şikayət də daxil olub.

Belə ki, ikiuşaqlı ailə bildirib ki, onlar hər uşaq üçün ibtidai sinif rəhbərinə 20 manat, fənn müəllimlərinə isə 18 manat "hədiyyə” ödəyiblər.

Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları olarsa, valideynlər Təhsil Nazirliyinin "146” qaynar xəttinə müraciət edə bilərlər:

"Bu halların hər biri araşdırılacaq. Faktlar təsdiqini tapdığı təqdirdə, müvafiq tədbir görüləcək”.

Təhsil eksperti Elvin Bədirovun sözlərinə görə, valideynlərin müəllimlərə "hədiyyə” verməkdə israrlı olması da danılmazdır:

"Əvvəlki dövrlərdə məktəb rəhbərliyi daha çox pul yığmağa maraqlı olurdu. Bu gün isə bəzi məktəblər istisna olmaqla, direktorlar maraqlıdırlar ki, bu kimi hallara yol verilməsin və məktəblərdə şagirdlərdən pulun yığılmasının qarşısı alınsın. Buna tam nəzarət etmək mümkün deyil. 

Bəzi valideynlərin bu kimi halların baş verməsində rolu danılmazdır. Belə valideynlər çoxluq təşkil edirlər. Demək olar ki, özəl günlərdə sinif rəhbərlərinə, fənn müəllimlərinə hədiyyələrin, pulun göndərilməsi ilə bağlı faktları sayıb bitirmək mümkün deyil. Onlar bunu ona görə edir ki, müəllim onun övladı ilə yaxından məşğul olsun, övladın qiymətləndirilməsinə xüsusi yanaşsın”.

Ekspert bildirib ki, valideynlərin bu davranışı səhv addımdır: 

"Çünki məktəb müəllimi dediyi dərsin müqabilində dövlət tərəfindən ödəniş alır. Həmin müəllimin məktəbdə borcudur ki, heç bir valideyndən təmənna güdmədən vicdanla dərsini tədris etməlidir. 

Ancaq günümüzün şərtlərində bunun belə olmadığını bilirik və bir sıra hallarda bəzi müəllimlər - bu, hər kəsə aid deyil - şərait yaradır. Valideynlərin bəziləri məcburiyyətdən, yaxud öz arzuları ilə bu işə rəvac verirlər. Bizim bildiyimiz "hədiyyələşmə”, müəllimə pulların verilməsi, hədiyyələrin göndərilməsi halı durmadan artır”.

Elvin Bədirov qeyd edib ki, 10 il əvvəllə müqayisə olunanda qiymətlər də kifayət qədər yüksəkdir:

"Yəni, əvvəlki hədiyyə məsələsi öz xüsusiyyətlərini, demək olar ki, dəyişib”.

Təhsil eksperti Elçin Sadıqov bildirib ki, valideynlər məktəbə hansısa avadanlığın alınmasına kömək etmək istəyirlərsə, valideyn şurasına rəsmi şəkildə müraciət etməlidirlər: 

"Əgər belə olmasa, bu artıq korrupsiya, rüşvətə gedir. Könüllülük bütün dünyada arzuolunandır. Bəzi Avropa məktəblərində valideynlər də məktəbin hesabına vəsait köçürürlər. Amma dediyim kimi, bu, qanun çərçivəsində və şəffaf olmalıdır ki, pulun nə vaxt və nə üçün xərclənməsi bilinsin. Əgər qaranlıq məqamlar varsa, bilinmirsə, yəni, rəhbərlik məlumat yaymırsa, bu, arzuolunan deyil”.


скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti