"Təhsildəki indiki vəziyyət cəzasızlığın pis sindromudur" - Kamran Əsədov

6-04-2019, 18:54
141
"Təhsildəki indiki vəziyyət cəzasızlığın pis sindromudur" - Kamran Əsədov

"Mən heç bir halda təhsildə şiddəti təbliğ etmirəm, paylaşdığım şəkil onu göstərmir". Bunu Yeniavaz.com-a təhsil eksperti Kamran Əsədov "Facebook" səhifəsində paylaşdığı şəklin mübahisələrə səbəb olmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan təhsilinin inkişaf tarixi, orta məktəblərin keçdiyi yol var: "Bu yolda əldə edilən uğurlar mövcuddur. Konkret rəqəmlər əsasında müqayisə edirik. Məsələn, XX əsrin əvvəlləri ilə son 5-6 ili müqayisə edəndə görürük ki, intiharlar yoxuydu, təhsil şəxsiyyət yetişdirirdi, təhsildə inkişaf varıydı. O qədər də imkanların olmadığı dövrdə insanlar məhdud çərçivədə bunları edirdilər. Həmin dövr təhsildə fiziki zorakılıq olsa da, Mirzə Ələkbər Sabirlər, Cəlil Məmməduquluzadələr, Hüseyn Cavidlər yetişdirdik. Adanı sadaladıqlarım və adını çəkmədiyim bir çox şəxsiyyət çox aşağı səviyyəli və dünya standartlarından xəbərsiz şəkildə mədrəsələrdə, mollaxanalarda təhsil alırdılar. Lakin dünyaya səs sala biləcək şəkildə yetişirdilər".
Ekspert qeyd edib ki, ancaq indi təhsildə fiziki zorakılıq yoxdur, əvəzində o vaxt olmayan hər şey var: "Buna baxmayaraq, yetişdirə bilmirik. Heç kim deyə bilməz ki, orada şiddəti təbliğ edirəm, yaxud şiddətin tərəfindəyəm. Demək istəyirəm ki, o vaxt dar və məhdud imkanlar çərçivəsində bizdə keyfiyyətli təhsil, insanlarda təhsilə maraq varıydı. Bu günlər isə biz sosial şəbəkələrdə vacib riyazi düsturun, kimyəvi reaksiyanın və ya tarixi faktın müzakirəsini görmürük. Biz ancaq "üç bacını", "meyxananı" müzakirə edirik. Təhsilin gedişində cəzalandırma olmalıdır, ancaq bu, fiziki cəza olmalı deyil. Bu gün biz təhsildə cəza verə bilmirik. Bunun nəticəsidir ki, 36 min uşağımız imtahanlarda öz ana dilində 2 alıb. Qəbul imtahanlarında iştirak edənlərin 50 faizi keçid balını toplaya bilmir. Universitetə 700 balla qəbul olunan özünə əmək bazarında yer tapa bilmir. Deməli təhsildə tamlıq yoxdur".
 
K. Əsədov əlavə edib: "Biz istəyirik ki, cəmiyyətimiz əvvəlki kimi mübariz olsun, dəyərləri olsun. Ancaq son dövrlər bəziləri Avopa və Amerikanın müəyyən siyasi instututlarının təsirinə məruz qalaraq bizi assimlyasiyaya uğradırlar. Biz deyirik ki, XX əsrin əvvəllərində məhdud şəraitdə şəxsiyyət yetişdirirdik, indi isə bu qədər geniş imkanlarla bunu edə bilmirik. Təhsildə cəza olmalıdır, amma fiziki deyil. Məsələn, bu gün orta məktəbdə hansısa uşağa müəyyən fəndən iki qiyməti yazılsa, həmin şagirdin bütün əsli-nəcabiti məktəbə gələcək ki, sən kimsən mənim uşağıma iki yazırsan! Artıq dəyərlər itir. Bəli, uşağa fiziki cəza verəndə şəxsiyyəti alçalır, insan kimi formalaşa bilmir. Lakin təhsildəki indiki vəziyyət cəzasızlığın pis sindromudur. Məktəblərdəki intihar hadisələri, "Kazbek" meyxanasına video paylaşan şagirdlər dediyimizin nəticələridir. Kim nə istəyir məktəbdə edir. Məktəb toxunulmaz olmalıdır, onun hüquqları olmalıdır. Bu gün isə o yoxdur".
 
Məsələyə münasibət bildirən psixoloq Elnur Rüstəmov deyib ki, təhsil prosesində psixoloji yanaşma həmişə prioritet məqam təşkil edir: "Orta məktəbin, uşaq bağçasının bir funksiyası da bilik və bacarıqların aşılanmasıdır. Heç bir təhsil müəssisəsinin birbaşa təyinati təkcə təhsil vermək deyil, o həm də təlim keçməlidir. Bu təlim şiddətlə olmur. Psixologiyada davranış terapiyası deyilən istiqamət mövcuddur. Bunun əsas sütünü ondan ibarətdir ki, insan davranışları idarə olunandır. Bu idarə olunma daha çox imkanlıq və cəza ilə şərtlənir. Şagird yaxşı oxuyursa, yaxşı, pis oxuyursa, pis qiymət yazılır. Tutaq ki, şagirdin pis əməli olursa, bu, şiddətlə deyil, başqa yolla cəzalandırılır. Ya məktəbdən xaric edilir, ya valideyni çağırılır, ya da bir sinif aşağı qoyulur.
Onun sözlərinə görə, əgər təhsildə cəza keçən əsrlə müqayisə edilirsə, bu, qüsurlu müqayisədir: "Kortəbii analogiya analogiya demək deyil. Bu gün bütün dünyada təhsil sistemi ona doğru gedir ki, fiziki şiddətin qarşısı alınsın, fiziki şiddət göstərilməsin. Əgər şagirdin doğru və yanlış hərəkəti varsa, müvafiq qurumlar bunu ya mükafatlandırsın, ya da cəzalandırsın. Məsələn, orta məktəblərdə sertifikatlar verilir, maddi və ya mənəvi şeylərlə mükafatlandırılır. O biri şagirdlər çalışırlar ki, mükafat sahibi olsunlar. Məktəblərdə çətin tərbiyə olunan xüsusi qrup uşaqlar var. Onlarla artıq başqa formada çalışmaq lazımdır, məktəb psixoloqları cəlb olunmalıdır, onların ailələri ilə birgə işləmək lazımdır. Hər məktəbdə idarə olunmayan uşaq olur. Problem də onların fonunda baş verir. 2-3 nəfər görə kütləvi cəza vermək qəbuledilməzdir".

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti