DİM sədri: “Yüksək bal toplayanların sayı ötən illə müqayisədə azdır”

1-08-2019, 15:25
84
DİM sədri: “Yüksək bal toplayanların sayı ötən illə müqayisədə azdır”

“Bakalavriat səviyyəsi üzrə bu il keçirilən yaz və yay qəbul imtahanlarının ümumi nəticələri arasında, ötən il olduğu kimi elə də ciddi fərq yoxdur. Abituriyentlərin nəticələri arasında orta fərq təxminən 20 bala bərabərdir. Bu da nəticələrin etibarlılığının yüksək göstəricisi kimi qiymətləndirilməlidir”.
Bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin növbəti iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu il keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına baxdıqda I-IV ixtisas qruplarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə azdır: “I, II və IV ixtisas qruplarında bütün bal intervalları üzrə azalma sayını müşahidə etmək olur, yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı bu il daha çoxdur. Yeni tədris proqramı ilə əlaqədar bu il imtahanın məzmununun və qiymətləndirmə modelinin dəyişməsi daha yüksək bal toplayan abituriyentlərinin sayının az olmasına təsir edən amillərdən biri ola bilər. Lakin daha yuxarı bal toplayan abituriyentlərin sayının az olması onların ali təhsil müəssisələrinə yerləşdirilməsinə hər hansı mənfi təsir göstərməyəcək”.
Sonra M.Abbaszadə: “I və IV ixtisas qrupu üzrə 150 və daha yuxarı bal toplayaraq müsabiqəyə buraxılanların sayı 46814 nəfərdir və hələlik təsdiq olunmuş ərizələrin sayı isə 32202-dir”, – deyə bildirib.
M.Abbaszadə qeyd edib ki, V ixtisas qrupu üzrə 4623, subbakalavrlar üzrə isə 6925 ərizə təsdiq olunub (qeyd olunan statistik məlumatlar 31 iyul saat 14.00-a tarixinə aiddir).
“2019-cu ilin birinci yarım ilində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ümumi təhsilin ümumi və tam orta təhsil səviyyələri üzrə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, rezidenturaya qəbul, orta hərbi təhsil müəssisələrin qəbul, dövlət qulluğuna və dövlət orqanlarına işə qəbul, eləcə də digər imtahanlarda 500 mindən artıq şəxs iştirak edib”, – deyə DİM rəhbəri çıxışı zamanı bildirib.
M. Abbaszadə qeyd edib ki, bu imtahanların təşkili və keçirilməsi ilə əlaqədar Mərkəz tərəfindən fasiləsiz olaraq kompleks tədbirlər həyata keçirilib.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti