Goranboyda dövlət tədbirini pozmağa cəhd edildi

19-05-2020, 14:12
121
Goranboyda dövlət tədbirini pozmağa cəhd edildi

 

Dövlətimizin başçısının ortaya qoyduğu qətiyyətli siyasi iradə ilə ölkəmizdə həyata keçirilən antikorrupsiya tədbirləri sayəsində son aylar ərzində bir çox yüksək vəzifəli şəxslərin, o cümlədən, yerli icra hakimiyyəti başçılarının məsuliyyətə cəlb olunaraq həbs olunmaları bəzi rayonlarda haqsızlıqla üzləşən, hüquqpozmalara məruz qalan vətəndaşları cəsarətləndirib. Onlar indi sözlərini demək üçün tribuna axtarır, kütləvi informasiya vasitələrinə üz tuturlar ki, bu da başa düşüləndir. Ancaq vətəndaşlar arasında elələri də vardır ki, məmurların bu ərəfədə qorxuya düşdükləri qənaətinə gəliblər və elə bilirlər ki, icra başçılarına “xox” gəlməklə özlərinin haqsız istəklərinin, qanunsuz tələblərinin yerinə yetirilməsinə nail ola bilərlər. Demaqogiyanı özləri üçün vərdişə çevirmiş belə şəxslər əllərinə girəvə düşdüyünü zənn edir, “qara məni basınca, qoy qaranı mən basım” prinsipi ilə hərəkət edərək, rayon rəhbərlərinə hətta şər-böhtan atmaqdan, iftira yaxmaqdan belə çəkinmirlər.

Əlbəttə, “KİV haqqında” Qanunu, həqiqəti hər şeydən üstün tutan heç bir tərəqqipərvər KİV onların təxribat xarakterli çıxışlarına öz səhifələrində yer vermir. Belə olan halda onlar idarəçiliyi xaricdən olan sosial şəbəkələrdən, əsasən də “Yutub” kanalından öz çirkin məqsədləri üçün istifadə edirlər.

Məlum olduğu kimi, 13.05.2020-ci il tarixdə Goranboy RİH-də, müəyyən edilmiş qrafikə əsasən keçirilən və çoxsaylı insanın iştirak etdiyi RİH Başçısının qəbulu zamanı, Qızılhacılı qəsəbə sakinləri Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlu inzibati binanın həyətinə gələrək, özlərinin haqsız tələblərini təmin etmək məqsədi ilə, yəni başqa şəxslərə məxsus: rayonun Aşagı Ballıqaya kənd sakinləri Əskərov Etiram Akif oğlunun, Pirimov Əli İsaq oglunun və Qızılhacılı qəsəbə sakinləri Hüseynova Aygün Rafiq qızının, Qəhramanov Yunis İslam oglunun torpaqlarını öz zəbtlərində saxlamaq üçün bu məsələ ilə bağlı daxil olan müraciətlərin RİH tərəfindən araşdırılmasına qəti etiraz etmişlər. Onlara “Vətəndaşların müraciətləri haqqında” Qanuna əsasən daxil olan müraciətlərin araşdırılmasının RİH-nin səlahiyyətinə aid olduğu izah edilmişdir. Lakin, onlar bununla razılaşmamış,  qəbulda iştirak edən RİH-nin Başçısının Aparatının məsul işçiləri və digər rəhbər vəzifəli şəxslər haqqında təhqiramiz ifadələr işlətmiş, nalayiq hərəkətlər etmişlər, qəbulun keçirilməsinə maneçilik törətməklə RİH-nin qanuni iş rejimini pozmaga, təxribata cəhd etmişlər. Məsələ ilə əlaqədar dərhal rayonun hüquq mühafizə orqanlarına məlumat verilmiş və hazırda faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Hadisə barədə açıqlama verən Goranboy RİH-dən bildirilmişdir ki, Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlu dəfələrlə sosial şəbəkələrdə yerləşdirdikləri video çəkilişlərdə Qızılhacılı bələdiyyəsinin torpaq sahələrindən istifadədə qanunsuzluqlara yol verildiyini bildirmişlər. Məlumatda qeyd edilmişdir ki, 2019-cu və 2020-ci ilin ötən dövrü ərzində, müxtəlif məsələrlə bağlı həmin vətəndaşların RİH-nə daxil olmuş 10 sayda müraciətlərinə baxılmış və hər birinə qanunamüvafiq qaydada müfəssəl cavab verilmişdir.
Hər iki vətəndaş 04 may 2020-ci il tarixdə RİH-nin inzibati binasında İcra başçısı və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri tərəfindən  qəbul edilmiş, müraciətləri ilə bağlı onlara bir daha qanunamüvafiq izahat verilmiş, məsələnin aidiyyətı dövlət orqanları tərəfindən yerində araşdırılacağı bildirilmişdir. Onların müraciətinin təkrar qaydada araşdırılması üçün RİH tərəfindən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 05 may 2020-ci il tarixdə 127 nömrəli, ƏMDK yanında Torpaqların Dövlət idarəetməsinin təşkil üzrə Dövlət Agentliyinə 05 may 2020-ci il tarixli 128 nömrəli məktubla müraciət olunmuşdur.
Qızılhacılı qəsəbə sakinlərinin RİH-ə daxil olmuş müraciətləri əsasında RİH tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, Arzu Verdiyev qəsəbə sakini Qəhrəmanov Yunis İslam oğlunun icarəsində olan torpaq sahəsinin 5,0 hektarını, onu təhdid edərək əlindən almış və həmin sahədə arpa əkmiş, digər qəsəbə sakini Pirimov Əli İsa oğlunun icarəsindəki Dövlət Ehtiyat Fonduna aid olan örüş sahəsinin daxilində qanunsuz arxlar çəkmiş, həmin sahənin bir hissəsini isə şumlayaraq pambıq əkmişdir. Bundan başqa sahibkar Hüseynova Aygün Rafiq qızının istifadəsindəki torpaq sahəsindən onun məcburi çıxmasını tələb etmiş və əhalinin pay torpaqlarına gedən yolu, həmçinin ərazidə mövcud olan hərbi məqsədli ehtiyat yolu zəbt edərək əkmişdir. Arzu Verdiyevin bu qanunsuz hərəkətləri barədə vətəndaşlar tərəfindən  RİH-ə daxil olmuş müraciətlər əsasında aidiyyətı üzrə Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

Verdiyev Arzu və Musayev Eldar kimi vətəndaşların bilmələri lazımdır ki, dövlətimizin apardığı antikorrupsiya tədbirləri kampaniya xarakterli deyildir, məsuliyyətə ucdantutma bütün icra başçıları, yaxud, seçilmiş məmurlar deyil, yalnız təqsirli şəxslər cəlb olunurlar. Nəzərə almalıdırlar ki, sadə vətəndaşların da dövlət, qanun qarşısında vəzifələri vardır, onlar da hərəkətlərinə görə məsuliyyət daşıyırlar.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti