"Müharibəni qəhrəmanlar udmur, strategiya udur, məhz İlham Əliyevin strategiyası qalib gəldi"

25-02-2021, 08:37
45
"Müharibəni qəhrəmanlar udmur, strategiya udur, məhz İlham Əliyevin strategiyası qalib gəldi"

Müdafiə nazirinin maddi-texniki təminat üzrə sabiq müavini, general-mayor Qorxmaz Qarayev Moderator.az-a müsahibə verib.

 

Əfqanıstan və Qarabağ müharibəsinin iştirakçısı, səngər generalı, iki "Qırmızı Ulduz", "Azərbaycan bayrağı", "Hərbi xidmətdə fərqləndiyinə görə" və çox sayda digər orden və medallarla təltif olunmuş, üç dəfə dalbadal Azərbaycanda keçirilmiş hərbi paradda hərbi texnikaların nümayişi və keçidinə təşkilatçılığı həyata keçirmiş general-mayor Qorxmaz Qarayev gündəmin aktual mövzusu ətrafında suallarımızı cavablandırıb.

 

- Cənab general, etiraf edək ki, Azərbaycanda yeddidən yetmişə insanlar 44 günlük Vətən müharibəsindəki bu cür möhtəşəm qələbəyə hələ də inanmırlar. Bəs siz, Ordumuzun qısa müddətdə düşmənə belə sarsıdıcı zərbə vuracağını gözləyirdinizmi?

 

- Bilirsiniz, möhtəşəm qələbənin əldə olunması üçün çox böyük inam lazımdır. Bu inamı da ölkə başçısı cənab İlham Əliyev bir Ali Baş Komandan kimi xalqı və digər vacib amilləri ətrafında birləşdirərək yarada bildi, nəticədə böyük güc birliyinə və ruh yüksəkliyinə nail olundu. Müharibənin ilk günlərindən aydın oldu ki, Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurmaq iqtidarındadır, onu məhv etmək üçün lazım olan bütün xüsusiyyətlərə malikdir. Elə buna görə də çox uğurlu əməliyyatlar keçirərək 44 günlük müharibədəki möhtəşəm qələbənin demək olar ki, damğasını vurdular. Bəzi istiqamətlərdə müəyyən problemlər olsa da Ali Baş Komandan tərəfindən vaxtında qəbul edilmiş qətiyyətli qərarlar bu qələbənin əldə olunmasına artıq heç bir şübhə yaratmadı.

 

- Siz uzun illər müdafiə nazirinin müavini olmusunuz və bundan öncə bütün həyatınız demək olar ki, müharibələrdə keçib. Əfqanıstandan başlayan döyüş yolu Birinci Qarabağ savaşından keçib. Sizcə bu müharibəni döyüşən əsgər və zabitlər uddu, yoxsa düşməndən qat-qat üstün texnologiyamız?

 

- Mənim fikrimcə dediyiniz bu faktorların hər ikisi bir-birinə sıx bağlıdır. Mən bircə onu deyə bilərəm ki, uzun müddətdir müəyyən çətinliklərə, təzyiqlərə baxmayaraq, ən yüksək texnologiyalara malik silahların, texnikaların, avadanlıqların alınması Ali Baş Komandanımız üçün həmişə ən birinci prioritet məsələ oldu. Müharibənin ilk günlərindən aydın oldu ki, yüksək texnologiyaların istifadəsi nəticəsində düşmənin çoxlu sayda texnikası, silahları, canlı qüvvəsi sıradan çıxarıldı. Bu da təbii ki, şəxsi heyət arasında çox böyük ruh yüksəkliyi yaradırdı. Nəticədə yüksək texnologiyaya malik silahlardan düzgün istifadə edilməsi, şəxsi heyət arasında milli ruh yüksəkliyinin olması bu möhtəşəm qələbənin əldə olunması üçün böyük zəmin yaratdı.

 

- Siz uzun müddət Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini olmusunuz və silahlı qüvvələrimizdəki real durumu bilən azsaylı generallardansınız. Nələri demək mümkünsə, xahiş edirəm ordumuzun silahlanma ilə təchizatı barədə fikirlərinizi bilmək istərdik. Dünyanın ən güclü orduları sırasına qatılmağa iddialı odumuzda realk durumu bilmək istərdik.

 

- Yaxşı dediniz ki, nələri demək mümkünsə. Təbii ki, real döyüşlər zamanı istifadə olunan silahlarla bağlı dost da, düşmən də məlumat əldə edə bilir. Amma silahlanma məsələsi çox həssas və özlüyündə çoxsaylı sirlər daşıyan bir məsələ olduğundan bu barədə təfərrüatlı danışmağa lüzum görmürəm. Onu deyim ki, mən artıq 2015-ci ilin noyabr ayından öz arzumla ehtiyata buraxılmışam. Düzdür, mən uzun müddət MN-də MTT sistemində çalışmışam. Silah və texnika ilə təminat bu sistemin ən əsas hissəsini təşkil edir. Hələ Ulu Öndər Heydər Əliyevin vaxtında bu istiqamətə xüsusi diqqət yetirilirdi. Hələ o dövrdə də maliyyə çətinliklərinə və beynəlxalq miqyasda bizə qarşı yaradılan müəyyən çətinliklərə baxmayaraq hər fürsətdə müasir silahlar, sursatlar, texnikalar və s. alınırdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında da ilk gündən bu istiqamətə xüsusi diqqət yetirilib. Çox ciddi nəzarət altında yuxarıda qeyd etdiyim kimi yüksək texnologiyalara malik ən müasir silahların alınması ən birinci prioritet məsələ olub. Cənab Prezident hakimiyyətə gələn kimi 2003-cü ilin dekabr ayında öz sərəncamı ilə Baş Nazirin rəhbərliyi altında silah-sursat, texnika avadanlıqların alınması ilə bağlı komissiya yaratdı. Yəni ordunun təminatı üçün hər hansı bir silah-sursatın, texnologiyanın Ali Baş Komandana məruzə olunmadan alınması qeyri mümkün idi. Məhz Ali baş Komandanın vəziyyəti, şərtləri diqqətlə öyrənib, sonra verdiyi tapşırıqlar əsasında həmin silahlar alınıb.

 

- Bu müharibə İlham Əliyevin peşəkar dövlət xadimi kimi fəaliyyətindən başqa həm də hərb sənətini mənimsəmiş bir sərkərdə obrazını da ortaya qoymuş oldu. Bu keyfiyyət sizin üçün də gözlənilməz idimi?   

 

- Müharibə vaxtı döyüş əməliyyatlarına rəhbərlik etmək böyük soyuqqanlıq, yüksək təşkilatçılıq, liderlik keyfiyyəti, eyni zamanda vaxtında düzgün, qətiyyətli qərar qəbul edilməsi kimi xüsusiyyətlər tələb edir. 44 günlük Vətən müharibəsində tarixi qələbənin əldə olunması məhz Ali Baş Komandan İlham Əliyevin bu xüsusiyyətlərə malik olması, öndə gedən bir sərkərdə kimi əməliyyatları məharətlə idarə etməsi sayəsində baş verdi. Hərb tarixində müharibəni qəhrəmanlar udmur, strategiya udur. Məhz İham Əliyevin strategiyası nəticəsində bu möhtəşəm, zəfər qələbəsi çalındı.

 

- Sarsıdıcı məğlubiyyət erməni ictimaiyyətini xaosa sürükləyib, eyni zamanda bu ölkədəki revanşist cəbhəni də fəallaşdırıb. Sizcə 3-cü Qarabağ Müharibəsi realdırmı?  

 

- Qonşusu erməni olanın silahı əlində tətikdə olmalıdır. Biz həmişə təxribatlara hazır olmalıyıq. Müstəqil dövlətin güclü ordusu olmalıdır. Arxayınlaşmaq olmaz, bütün çatışmazlıqlar təhlil edilərək, səhvlər aradan qaldırılmalı, istənilən vaxt düşmənə layiqli cavab verilməsi üçün ayıq-sayıqlıq maksimum artırılmalıdır. Cənab Prezident Ali Baş Komandan da qeyd etdiyi kimi, müasir tələblərə cavab verən daha modern silah və texnika avadanlıqlar alınaraq Azərbaycan Ordusunun təminatına verilməlidir. Maddi-texniki təminat sistemi daha da möhkəmləndirilməlidir. Strateji baxımdan işğaldan azad olunmuş Kəlbəcər və Laçın ərazisində güclü hərbi qruplaşmanın yaradılması həyati önəm kəsb edir. 3-cü Qarabağ savaşı az ehtimal olunandır, amma yenə deyirəm, sanki yeni müharibəyə hazırlaşırıq kimi hər an əlimiz tətikdə olmalıyıq. İşğaldan azad olunan ərazilərin strateji baxımdan möhkəmləndirilməsi üçün müvafiq addımlar atılmalıdır.
.

- Sentyabrın 27-dən etibarən hər gün məğlub olaraq geri çəkilən Ermənistan yalandan hay-küy qoiparırdı ki, Azərbaycan ordusunun tərkibində Türkiyə və Pakistandan silahlı birləşmələr iştirak edir.

 

- Erməni millətinin xisləti və onları zaman-zaman idarə edənlərin mahiyyətini təkcə bizlər deyil, məncə bütün dünya bilir. Onlar məğlubiyyətlərinə başqa don geyindirə bilmədiklərindən bu cür əsassız və əslində təxribatçı bəyanatlarla bizim haqlı davamıza ləkə salmaq istəsələr də buna nail ola bilmədilər. İllərini orduya həsr etmiş bir general kimi sizi əmin edirəm ki, Silahlı Qüvvələrimizin silahla təminatı bir yana, şəxsi heyətin döyüş hazırlığı, ruh yüksəkliyi adını çəkdiyiniz hər iki qardaş ölkənin ordusundan nəinki geri qalır, bəzi parametrlər üzrə hətta onları üstələyir. Eyni zamanda onu deyə bilərəm ki, Azərbaycan Ordusunda Türkiyədə kurslarda olmuş, hərb məktəblərində təhsil almış kifayət peşəkar zabitlərimiz var. Elə mən özüm də Türkiyə təcrübəsini şəxsən dərindən mənimsəmiş bir zabit olmuşam. Qardaş Pakistanda da kurs keçmiş zabitlərimiz olub. Amma bu heç də o demək deyil ki, həmin ölkələrdən kimlərsə gəlib burda ermənilərə qarşı döyüşüb. Bizim şir ürəkli oğullarımıza nə gəlib ki. Yeri gəlmişkən, çox vacib bir məqamı da xatırlatmağı özümə borc bilirəm ki, hal - hazırda Türkiyədə təhsil almış çoxlu sayda zabitlərimiz ehtiyata buraxılıb. Onların yenidən orduya çağırılaraq qısa müddətə də olsa xidmətlərinin davam etdirilməsi müsbət nəticələr verərdi.

 

- Ali Baş Komandan da etiraf etdi ki, 21-ci əsrin müharibəsi bəzi silahların alınmasına gərək qalmadığını göstərdi. Sirr deyilsə, hansı silahlar 44 günlük müharibədə işə yaramadı və ya onlardan istifadəyə gərək olmadı?

 

- Bu barədə təfsilatlı açıqlamalar verməyə gərək yoxdur. Bu hərbi sirr olmasa da hər bir silahın öz xüsusiyyətləri var və bu müharibənin nəticələri geniş təhlil edilərək qəti fikirlər söyləmək mümkündür. Bu müharibəni igid oğullarımız canı, qanı bahasına qazansalar da təbii ki, müasir silahlarla təchizat və onlardan yerindəcə peşəkarlıqla istifadə edilməsi itkilərimizin minimuma endirilməsi ilə nəticələndi. Əks halda bu qədər genişmiqyaslı əks-hücum əməliyyatlarında itkilərimiz bundan 3-4 qat çox ola bilərdi. Ola bilsin, bu gün üçün müasir hesab edilən hansısa silah bir neçə aydan sonra kimsəyə gərək olmayacaq. dünya sürətlə dəyişir və texnoloji inqilab əsrindəyik. Ona görə də zamanın nəbzini tutaraq silahlanmaya diqqət etməliyik. 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti