“Arif Quliyevi dəfn etdikləri yerin adı it dəftərində də yoxdur“ - Yaşar Nurinin xanımı

20-05-2021, 15:30
65
“Arif Quliyevi dəfn etdikləri yerin adı it dəftərində də yoxdur“ - Yaşar Nurinin xanımı
Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyevanın Yenisabah.az-a müsahibəsin təqdim edirik.
 
- Rəhimə xanım, siz son vaxtlar Mədəniyyət Nazirliyinin Yaşar Nuriyə qarşı olan biganəliyindən tez-tez söhbət açırsınız, bu biganəlik əvvəl də var idimi?
 
- Ulu Öndər Heydər Əliyev vaxtilə Yaşar və Siyavuş Novruzov haqqında danışanda demişdi ki, Yaşar və Siyavuşdan danışmaq üçün gərək sənəti dərindən biləsən. O, dahi idi, insanlara, sənətə münasibəti hər zaman yüksək idi. Mənim onunla bağlı xatirələrim var, hansı ki, vaxtilə bunun canlı şahidi olmuşam. Bir dəfə Yaşarla teatra getmişdik, lojada oturmuşduq. 11-ci sıra dövlət adamlarına ayrılmışdı, ulu öndər də orada idi. Tamaşanın birinci hissəsi bitdi, 11-ci sıradakılar bizim lojanın qarşısından keçdi, H.Əliyev bizim qarşımızdan keçəndə birdən dayandı, başını qaldırıb dedi ki, “Ay Yaşar, bu nədir, bizi səhərə qədər gülməkdən yatmağa qoymursan bu verilişlərinlə?”
 
Bir dəfə də Opera və Balet teatrında “Arşın mal alan” tamaşasında idik, orada H.Əliyev hər kəs haqqında fikirlərini bölüşürdü, Yaşara çatanda dedi ki, “Yaşar, sən elə Yaşarsan da, sənə deməyə söz yoxdur”. O, hər zaman sənətə, sənətkara qiymət verir, dəyərləndirirdi. Bu qədər şeydən sonra hazırda olan bu cür münasibət mənə qəribə gəlir. Mədəniyyət sahəsində işləyən qurumların sənət adamlarının ailələrinə qarşı olan biganəliyi məni çox üzür, təkcə özümdən danışmıram, ümumiyyətlə, dünyasını dəyişmiş sənətkarların ailələrindən danışıram. Şükürlər olsun ki, torpaqlarımız azad olundu, pandemiyanı da adladacağıq. Dövlətimdən çox razıyam, amma bəzi məmurlar var ki, işlərini görmürlər və bizim kimi insanlar başsız qalır.
 
- Bu məsələ ilə bağlı Nazirliyə müraciət etmisinizmi?
 
-  Mən artıq bilmirəm kimə müraciət edim, nə deyim... 2012-ci ildən - Yaşar dünyasını dəyişdikdən sonra dəfələrlə Mədəniyyət Nazirliyinə zəng vurmuşam, bəzi problemlərim var idi, istəyirdim onlardan soruşum, məsləhət alım ki, necə etmək olar.
 
- Bu problemlər maddi idi?
 
- Xeyr, problemlərim sırf Yaşara aid idi. Nə vaxt zəng vurdumsa “Yaxşı, yaxşı, bu gün, sabah” dedilər. İndi 2021-ci ildir hələ də o “sabah”dan səs-soraq yoxdur. Mənim müraciətlərimin heç biri maddi deyildi. Sadəcə Xalq artisti olan, "Şöhrət" ordeni alan, həyatını, ömrünü sənətə həsr edən şəxsin xatirəsini yaşatmaq istəyirdim. Başqa sənətkarların ailəsində də vəziyyət eynidir, vaxtilə aktyor Səməndər Rzayevin həyat yoldaşı nə vəziyyətdə dünyasını dəyişdi. Elə vəziyyətdə ki, mən ağzımı açıb deyə bilmirəm... Onunla uzun müddət qonşu olmuşduq, adı Südabə idi, vəziyyətini görürdüm, həyat yoldaşını, oğlunu itirəndən sonra acınacaqlı vəziyyətə düşdü. Aktyor İlham Əsgərovun həyat yoldaşı eyni vəziyyətdə. Onlar hamısı mənə zəng vururdular, nəsə soruşurdular. Hər şeyi açıqlayıb deyə bilmirəm, amma problemləri olub ki, zəng vurublar. Eyni problemi hamımız yaşamışıq. Görkəmli teatr və kino xadimi Hamlet Xanızadənin ailəsi eyni vəziyyətdə idi.
 
- Bir müddət öncə Xalq artisti Arif Quliyev dünyasını dəyişdi. Onun dəfnində də Mədəniyyət Nazirliyindən nümayəndələrin iştirak etmədiyi deyilirdi. Bu barədə nə düşünürsünüz?
 
- Arif Quliyevin məsələsində də vəziyyət belə oldu. Onun xanımı mənə zəng vurub elə suallar verdi ki, cavab verə bilmədim. Dedim ki, o suallara sən cavab tapmayacaqsan, heç özünü yorma. Çünki o məsələ həll olunmayıb, olunması üçün gərək Milli Məclis, Mədəniyyət Nazirliyi tərəfindən qərar qəbul edilsin. Onlar qərar çıxarmalıdır ki, dünyalarını dəyişən sənətkarların ailələri ilə maraqlanılmalıdır, onlara dəstək olunmalıdır. Arif Quliyevin cənazəsi neçə saat həyətdə qaldı. Mən canlı yayıma baxıb ağlayırdım, cənazə ortada qaldı. Axırda dedilər bəsdir də, götürün. O boyda sənətkar dünyasını dəyişdi, Mədəniyyət Nazirliyindən bir adamın gəlməyi bu qədər çətin idi?! Ertəsi gün qəbri üstə yollandım, aparıb elə yerdə dəfn ediblər ki, heç oranın it dəftərində də adı yoxdur. Çox uzaq məkandır. Cənazədə bir nəfər Mədniyyət Nazirliyinin işçisi yox idi ki, gəlib başsağlığı versin. Bu nə deməkdir? Yazıq Arif Quliyev onsuz da bir həyat görməmişdi, yetimliklə böyümüşdü, elə yetimliklə də öldü...
 
- Yaşar Nurinin xatirəsinin yaşadılması üçün konkret hansı addımların atılmasını istəyirsiniz?
 
- Yaşar ömrünün 40 ilini sənətə həsr etdi. Xəstə olanda daima yanında oldum, Konservatoriyadakı işimdən çıxdım ki, ailəm, Yaşar daha vacibdir, ona baxdım. İndi niyə mən tək oturub fikirləşməliyəm ki, niyə Yaşarın xatirəsinə dəyər verilmir? Elementar bir şey deyim, onun statusuna görə Yaşarın adına küçə olmalıdır. Bu ümumi qanunda olan bir şeydir. Bəs hanı?! Zəng vurdular elə dedilər “bu gün, sabah”. Bəs nə oldu? Yaşadığı ev memorial muzey olmalıdır, amma yoxdur. Belə biganəlik mümkün deyil, olmamalıdır.  
 
- Bu biganəlik tək Mədəniyyət Nazirliyinə aiddir?
 
- Yaşar həyatı boyu şanslı aktyor olub. Yaşadığı dövrdə bütün ad-san, pul, hər şey onda olub, dövlətin qayğısını lazımi qədər görüb, onsuz heç bir məclis keçirilmirdi, əl üstə gəzdirirdilər. Vəfatı günü də şan-şöhrətli adam kimi getdi. Yaxşı, o getdi, bəs o vəfat edəndən sonra zəng edib ailəsi ilə maraqlanmaq o qədərmi çətindir? Bizdə qayğı yoxdur. Mənim onları “yıxıb-sürümək” niyyətim yoxdur. Sadəcə onlardan gözlədiyim heç nəyi etmədilər, ögey münasibət bəslədilər. Gileyim həm Mədəniyyət Nazirliyindən, həm teatrlardan, həm də Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevadandır. Mən onlara demirəm ki, gətirin mənə pul verin yaxud nəsə edin. Nə olur olsun, mən heç vaxt çıxıb demərəm ki, pulsuzam, vəziyyətim pisdir və s. Bunu şəxsiyyətimə sığışdırmaram. Mən ümumi biganəlikdən danışıram. Mənim vaxtilə Qənirə Paşayevaya da müraciətim olub, dediyim heç bir şeyə reaksiya verməyib, hər şeyi açıqlamaq istəmirəm, o özü yaxşı bilir ki, mən nə demişəm, o nə cavab verib... Qayğı yoxdursa, mən nədən danışa bilərəm? Məgər hər şeyi maddiyat həll edir?! Mənə maddi problemimi həll etmək vacib deyil, vacib olan odur ki, Yaşar Nurinin xatirəsi yaşasın. Hamı bilir ki, mən onun xatirəsini necə qoruyuram, arxivini yığıram, bunlar hamısı tarixin salnaməsidir. Əgər biz teatr, kino tariximizi itirsək onda nə üçün yaşayırıq? Müğənnilərin şan-şöhrəti üçün yaşayırıq? Bu nə dərəcədə doğrudur? Kim istəyir oxusun, kim istəyir rəqs etsin, hərənin öz işidir, heç kəsin işinə qarışmıram, hərə öz ruzisini qazanır. Amma o insanlar ki, adlarını tarixə yazdırıblar, onlara olan qayğı tamam ayrı cür olmalıdır, xatirəsi yaşadılmalıdır. Cavanlar, uşaqlar “YouTube”-u açırlar ancaq mənasız şeylərə baxırlar, intiharlar artıb. Görün nə qədər hadisələrlə üzləşirik. Axı sənəti qorumaq lazımdır, bu gün cavanların bir çoxuna sual versən ki, filan tamaşaya baxmısan? Heç adını bilməyəcək. İstəyirəm televiziyalar bu mövzularda verilişlər hazırlasınlar. Tələbələrin baxıb maariflənəcəyi proqramlar göstərilsin. Sənətə qiymət verilsin istəyirəm, bunu görməyəndə çox əsəbləşirəm.
 
- Bir neçə ay sonra mərhum aktyorun 70 illik yubileyi olacaq, yubileyin necə keçirilməsini istəyirsiniz?
 
- Bəli, sentyabr ayının 3-ü olacaq. Zəng gözləyirəm. İnanın, hər gün telefonu açıb baxıram ki, görəsən nazirlikdən mənə zəng vuracaqlar? Ümid edirəm ki, Yaşar Nurinin 70 illiyi yüksək səviyyədə keçiriləcək, buna aid bir qərar çıxacaq. Onun arzusu idi ki, teatrın qabağında, açıq havada yubileyi keçirilsin. Mən də istəyirəm ki, onun 70 illiyi məhz orada keçirilsin. Gələn qonaqlar pillələrin üzərində dayansın, ətrafda afişalar asılsın və o parkın içində ekran quraşdırılsın, səhnələr göstərilsin. Təsəvvür edin, bu nə gözəl olar... Mən bunları düşünürəm, amma bir nəfər də olsun yığıb demir ki, Rəhimə xanım, siz nə düşünürsünüz, yubiley necə olacaq? Çox məsələlərə toxunmaq istəmirəm ki, kiminsə xətrinə dəyər, yaxud işinə xələl gətirər və s. Sadəcə istəyirəm ki, incəsənət sahəsinə baxan qurumlar mərhum sənətkarların ailələri ilə də maraqlansınlar. Məsələn, vaxtilə dövlət mükafatı alan sənətçilərin ailələrinə həmin mükafatın yarısı təyin edilsin, bununla bağlı nəsə qərar çıxarsınlar...
 
- Həmin yardıma ehtiyacı olan sənətçi ailəsi var?
 
- Təbii ki, var. Bir hadisə danışım, dünyasını dəyişmiş aktyorlardan birinin həyat yoldaşı tanınmış müğənnilərdən birinə zəng edib deyib ki, pula ehtiyacım var, olarmı gəlim sizin evinizi yığışdırım? Həmin qadın müəllimə olub. Yəni bu vəziyyətdə olan sənətkar ailələri var.
 
- Bir neçə ay öncə Yaşar Nurinin bağ evindən şəxsi əşyaları oğurlandı. Bu məsələ ilə  Mədəniyyət Nazirliyindən maraqlanan oldu?
 
- Oğurluq məsələsində saytlara açıqlama verdim. Az keçməmiş Mədəniyyət Nazirliyindən də reaksiya gəldi. Gələn reaksiya çox gülməli idi. Dedilər ki, oğurlanan əşyalar dövlət arxivi olmadığına görə bizə aid deyil. Bununla mən də razıyam, amma sonra çıxıb Yaşara 2012-ci ilə qədər verilən adlardan, qiymətlərdən danışdılar. Məgər mən ona bir söz deyirdim? Mən 2012-ci ildən sonra, Y.Nurinin vəfatından bəri olan biganəlikdən danışırdım. Keçmişdə aldıqları onun halal zəhməti, dövlətin verdiyi qiymət, xalqın məhəbbəti idi. Mən onlardan danışmırdım, heç olmasa, zəng edib deyəydilər ki, Rəhimə xanım, eşitdik belə bir hadisə olub, narahat olmayın, tapılar, yaxşı olar və s. İnsana ruh vermək üçün adi bir söz kifayət edir. Lakin biri də zəng vurmadı. 2012-ci ildən bəri mən oradan heç bir kəslə əlaqə yarada bilmirəm, sanki bağlı qapıdır. Oğurluq hadisəsi baş verəndən bugünə kimi bir zəng belə olmayıb.
 
- Bəs aktyorun sənət dostları necə, sizinlə maraqlanırlar?
 
- Firəngiz Mütəllimova ilə yeri gələndə danışırıq, hal-əhval tuturuq. Afaq Bəşirqızı ilə danışıram. Kişi sənət dostları ilə çox da əlaqəm yoxdur. Mən elə qadınam ki, kişilərlə çox dərdləşməyi sevmirəm, amma onlardan da bayramlarda zəng edib təbrik edənlər olub. Açığı, hazırda onlardan gündə zəng gözləmirəm, çünki pandemiyadır, hər kəsin başı özünə qarışıb.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti