Aqiyə Naxçıvanlı: “Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına qayğı dövlət siyasətinin prioritet istiqamətidir”

9-04-2021, 18:03
41
Aqiyə Naxçıvanlı: “Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına qayğı dövlət siyasətinin prioritet istiqamətidir”

“Vətən müharibəsində əldə olunmuş şanlı qələbə ilə Azərbaycan öz tarixində ən böyük zəfərə imza atdı. Əlbəttə ki, bu tarixi qələbə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin, sağlamlıqlarını itirmiş qazilərimizin və düşməni doğma torpaqlarımızdan qovub çıxarmış bütün qəhrəman döyüşçülərimizin şücaəti sayəsində əldə olunub. Bu gün dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də şəhid ailələrinin, müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi və onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili bildirib ki, şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına qayğı göstərilməsində dövlətin institusional təşəbbüsləri müstəsna rol oynayırlar. Bu təşəbbüslər haqqında danışan Aqiyə Naxçıvanlı ilk növbədə Ölkə Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış “YAŞAT” Fondunun fəaliyyətini qeyd edərək şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsində qurumun rolunu vurğulamışdır: “Bildiyiniz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fondu dövlətin institusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı ehtiva edir. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Birmənalı olaraq demək azımdır ki, hal-hazırda Fond öz funksiyalarını yüksək səviyyədə həyata keçirir. Fondun vəsaitləri hesabına şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılması və digər bu kimi sosialyönümlü layihələr həyata keçirilir. Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, təsis olunduğu gündən “YAŞAT” Fonduna könüllü ödəmələr dayanmadan davam edir. Əlbəttə ki, bu hal cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir.”

Daha sonra Aqiyə Naxçıvanlı Qarabağ Dirçəliş Fondundan bəhs edərək, bu Fondun yaradılmasının milli birliyimizin qorunmasına institusional töhfə olduğunu söyləyib: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Heç şübhəsiz otuz il ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq. Bu baxımdan işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işinə könüllü dəstək göstərilməsi məqsədilə yaradılmış Qarabağ Dirçəliş Fondu bu gün cəmiyyətimizdə yaşanan milli birliyin qorunmasına və daha da güclənməsinə əhəmiyyətli institusional töhfədir. Həmvətənlərimizin bu Fonda istənilən məbləğdə vəsaitlər köçürmələri təkcə maddiyyatla bağlı olmayacaq, eyni zamanda, milli-mənəvi birliyimizi möhkəmləndirəcək, Vətən, torpaq, yurd sevgisini daha da artıracaq. Fondun hesabına vəsait köçürənlər bərpada paylarının olması ilə qürur duyacaqlar.”

Həmçinin Aqiyə Naxçıvanlı Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində zərər çəkmiş mülki əhalinin də dövlətimizin qayğısı ilə maksimum əhatə olunduğunu bildirib. Millət vəkili dəymiş ziyanın ödənilməsi prosesinin dövlətin tam nəzarətində olduğunu vurğulayıb: “Məlum olduğu kimi, Ermənistanın silahlı qüvvələri hərbi əməliyyatların davam etdiyi dövrdə Azərbaycan ərazisində mülki obyektləri, yaşayış binalarını hədəfə alırdılar. Bu hərbi cinayət əməllərinin nəticəsində hətta cəbhə bölgəsindən çox uzaqda yerləşən kənd və qəsəbələrimizdə, şəhərlərimizdə dinc insanlarımız öz həyatlarını itirmiş, əhaliyə böyük məbləğlərdə maddi ziyan dəymişdir. Bu gün Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi prosesi Azərbaycan dövlətinin tam nəzarətindədir. Mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlərin görülməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılıb. Zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə dövlət maliyyə yardımları göstərəcəkdir. Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə isə 1000 (bir min) manat məbləğində yardım göstəriləcəkdir.”

aia.az

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti