Tarixə düşən SƏRKƏRDƏ

28-04-2021, 07:50
12
Tarixə düşən SƏRKƏRDƏ

 

Tarixə nəzər saldıqda adından söz etdirən yüzlərlə şəxsiyyət sadalamaq mümkündür. Onlardan bəzilərinin adı çəkildikdə tarixə düşmək naminə səy göstərdiklərini başa düşmək çətin deyildir. Bəzilərinin adı isə “Böyük sərkərdə”, “Qüdrətli hökmdar” kimi ifadələrlə yanaşı səsləndirilir. Azərbaycan tarixində belə şəxsiyyətlər çoxdur. Ancaq həm öz tarixinə, həm də dünya tarixinə adını qızıl hərflərlə yazdırmaq hər sərkərdəyə nəsib olmur. Bu gün bütün dünya Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinin, xalqımızın birliyinin, Ordumuzun qüdrətinin şahidi oldu. Ali Baş Komandan öz qüdrəti, uzaqgörən siyasəti, səbri, bacarığı, ordu quruculuğundakı peşəkarlığı, xalqının birliyinə görə dünya tarixində Dahi Sərkərdə kimi öz yerini aldı. Yalnız bir faktı söyləmək kifayət edir ki, Ali Baş Komandanın uzaqgörən siyasətini, Azərbaycan xalqının uğurunu tam əks etdirmək mümkün olsun: Bir neçə il ərzində işğal edilən ərazilər qırx dörd gün ərzində düşməndən geri alındı. Bu, əlbəttə ki, Azərbaycan Ordusunun qüdrətindən xəbər verir.
 
Baş verən hadisələr təsadüfi deyildi. Cənab Ali Baş Komandan ədaləti bərpa edəcək tarixi hadisəninn gələcəyi günü bilirdi. Bilirdi ki, bir gün mütləq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Prezident İlham Əliyevin 2018-ci il iyunun 26-da keçirilən hərbi parad zamanı səsləndirdiyi fikirlər əslində Ermənistanın hərbi-siyasi rəhbərliyinə bir mesaj kimi də qiymətləndirilməli idi: “Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir”. Bu əsas məsələni elə məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini davam etdirən Ali Baş Komandanımız Cənab İlham Əliyev həll edə bilərdi.
 
2020-ci il 27 sentyabr tarixindən etibarən İkinci Qarabağ Müharibəsinin - Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi uğrunda genişmiqyaslı hərbi əməliyyatların – başlanması Azərbaycan xalqı üçün həlledici oldu.
 
Ermənistanın baş naziri Nikol Paşinyan keçən ilin avqust ayında işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfəri zamanı, “Qarabağ Ermənistandır və nöqtə” tipli populist bir cümlə söyləmiş və buna görə həm Azərbaycan, həm də beynəlxalq təşkilatlar, əsasən də, ATƏT-in Minsk qrupu tərəfindən tənqid olunmuşdu. Bütün bunlar sülh danışıqlarına son dərəcə mənfi təsir etmiş, kompromis üçün siyasi müstəvini tamamilə bağlamışdı. Nikol Paşinyanın belə bir çıxış etməsi Azərbaycan xalqının səbr kasasının daşmasına son damla olmuşdu.
 
Şübhəsiz, Ermənistan baş nazirinin bu ifadəsi Ali Baş Komandanın da böyük qəzəbinə səbəb olmuşdu. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti
 
İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edərkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açaraq, diqqəti Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə yönəltdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən bəri yerinə yetirilmədiyini vurğuladı. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq dedi: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Cənab Ali Baş Komandanın nümayiş etdirdiyi qətiyyət dünya azərbaycanlılarının möhtəşəm məmnunluğu ilə qarşılandı. Dövlət başçımızın “Valday” Beynəlxalq Diskussiya Klubunun dünya şöhrətli qonaqlarının qarşısında nümayiş etdirdiyi qətiyyəti Ali Baş Komandanın 2016-cı il aprelin 3-də - Prezident yanında Təhlükəsizlik Şurasının iclasındakı nitqini xatırlatmışdı. Prezidentimiz həmin nitqində demişdi ki, biz sadəcə olaraq erməni təxribatına cavab vermişik: “Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə, onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm”.
 
Bəli, Azərbaycan Prezidenti Cənab Ali Baş Komandan 2016-cı il aprel hadisə-lərində xəbərdarlıq etmişdi ki, bizə qarşı yenə təxribat törədilərsə, onlar yenə də öz cəzalarını alacaqlar. Lakin Ermənistanın baş naziri bu xəbərdarlığın mahiyyətini dərk etməyərək növbəti təxribata əl atdı - Azərbaycan torpağında Dağlıq Qarabağın Ermənistan “olduğunu” söylədi və guya bu məsələyə “nöqtə” qoydu. Məhz həmin təxribata cavab olaraq, Azərbaycan Prezidenti dünya siyasətçilərinin hamısının eşidə biləcəyi tribunada qətiyyətlə “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsini səsləndirdi. Ali Baş Komandanın “Qarabağ Azərbaycandır” ifadəsinin sonunda nida işarəsini qoymasının da səbəbi var idi. Bu, Azərbaycan xalqının səbrinin son həddinin olmasını nümayiş etdirməklə yanaşı, əslində Ermənistana son xəbərdarlıq idi.
 
2020-ci il sentyabr ayının 27-dən başlayaraq 10 noyabr 2020-ci il tarixinə qədər, cəmi 44 gün ərzində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 əsrə bərabər iş gördü. Azərbaycan Ordusunun böyük rəşadəti, peşakarlığı nəticəsində 5 şəhər, 300-dən çox kənd hərbi yolla azad edildi. Şuşa zəfəri Azərbaycan ordusunun gücünü bir daha təsdiq etdi. Bu zəfər eyni zamanda Ermənistan ordusunun Azərbaycan Ordusu qarşısında diz çökdüyünü də göstərdi. Azərbaycan xalqı sübut etdi ki, müharibənin hərbi həll yolu var və Azərbaycanın işi haqq işidir. Müzəffər Ali Baş
 
Komandan Şuşanın azad edilməsinin müjdəsini Şəhidlər Xiyabanında verdi. Bu, təsadüfi deyildi. Biz torpaqlarımızı xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına işğalçılardan azad etdik. “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” şüarını səsləndirən Azərbaycan Respublikasının Prezidenti ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxt olduğunu da bildirdi. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonları bizə siyasi yollarla qayıtsın.
 
Bütün bu olanlar hərb sahəsində Müzəffər Ali Baş Komandanın apardığı uğurlu siyasətin nəticəsidir. 1994-cü ilin mayında atəşkəs haqqında Bişkek Protokolunun qüvvəyə minməsindən bu günə qədər olan müddətdə Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılması, peşəkar ordu quruculuğu istiqamətində müxtəlif işlər görülmüşdür. Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatları daha da genişləndirməklə davam etdirən Prezident İlham Əliyev Cənubi Qafqazın ən güclü Ordusunu formalaşdırdı. Görülən işlərin nəticəsidir ki, düşmən döyüş meydanında darmadağın edildi, Azərbaycan ordusu tarixi hadisələrə imzasını atdı. Müasir silah-sursata, hərbi texnikaya, peşəkar kadrlara, yüksək səviyyəli nizam-intizama malik Azərbaycan Ordusu bu gün bir daha sübut edir ki, qarşıya qoyulan bütün tapşırıqların icrasını həyata keçirmək iqtidarındadır.
 
Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, məhz dəmir yumruq hesabına düşməni diz çökməyə məcbur etdik.
 
“Qarabağ Azərbaycandır və nida” ifadəsi səsləndiyi andan etibarən Azərbaycan xalqının qələbəsinin yaxın oluğunun xəbərçisi idi, indi isə bu ifadə qələbəmizin rəmzinə çevrildi. Artıq bu ifadə milli şüar kimi səslənir. Bu gün Azərbaycan xalqı üçün ən müqəddəs söz məhz “Qələbə” sözüdür. Bu, misli-bərabəri olmayan bir qələbədir. Zəfər asan qazanılmır, bunu ancaq uzaqgörən siyasət, güclü ordu, ən əsası isə vətən sevgisi nəticəsində əldə etmək olar. Necə xoşbəxt xalqıq ki, hər üç amili Tanrı bizə bəxş edib.
 
Azərbaycan xalqı üçün tarixi əhəmiyyət kəsb edən Qarabağ məsələsinin müqəddəratının həll olunmasında göstərdiyi böyük şücaətə görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab İlham Əliyev Azərbaycanın Xalq Qəhramanı kimi qiymətləndirilməyə layiqdir. Eşq olsun Ali Baş Komandana, Yaşasın Azərbaycan!
 

Mənzər Qurbanova

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti