“800 azərbaycanlı şagirdi olan kənd məktəbində indi 18 erməni şagird var...”

27-05-2021, 10:22
10
“800 azərbaycanlı şagirdi olan kənd məktəbində indi 18 erməni şagird var...”
Milli Məclisinin sabiq deputatı (1995-2000), əslən Qərbi Azərbaycandan olan Maksim Musayev bu fikirləri Musavat.com-a, Ermənistan-Azərbaycan sərhədində son günlər baş verən gərginliklər haqda danışarkən bildirb.
 
Qeyd edək ki, Maksim Musayev 1938-ci il avqustun 18-də Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1956-cı ildə İrəvan şəhərində Azərbaycan orta məktəbini bitirib. Atası Talıb Qurban oğlu Musayev Ermənistanda məsul vəzifələrdə çalışıb. Erməni dilini yaxşı bilən M.Musayev əməkdaşımıza bildirdi ki, erməni mediasını davamlı şəkildə izləyir. O, Ermənistan mətbuatını izlədiyi zaman maraqlı məlumatlar da əldə edib:
 
“Açığı, mən bilmirdim ki, Ermənistanın Geğarkunik  vilayətinin – ora keçmiş Göyçə mahalının ərazisidir – Qurt kəndi bizim Basarkeçər rayonunun Zərzibil kəndi imiş. Qurt da erməni dilindən tərcümədə “dən” deməkdir. Mən bu haqda maraqlandım və məlum oldu ki, bu, bizim Zərkənddir. Bu kəndin də öz tarixi var. Çox qədim kənddir və onun əsl adı Zərzibil olub. Zod qızıl mədəninin 2-3 km yaxınlığında yerləşən kənddir. Görünür bir neçə əsr bundan qabaq da orda qızıl çıxarıblarmış. Bu ərazidə qızıl o qədər çox imiş ki, parıldayırmış, hətta zibilliklərdə də görünürmüş, ona görə də Zərzibil adı verilib.  Amma sovet dövründə məsələ qaldırıldı ki, biz pasportumuzda Zərzibil adının yazılmasını istəmirik, ona görə də xahiş edirik, zibil sözünü kəndin adından çıxarın. Bundan sonra kəndin adını dəyişib Zər kəndi qoydular”.
 
M.Musayev bildirdi ki, Zərkənd Basarkeçər rayonunun ən böyük kəndlərindən biri olub: “O kənd Kəlbəcər rayonu ilə qonşudur. Biz yaylaq yatağı ki, deyirik, bizim əsgərlər hazırda orda oturublar. Sovet dövründə danışırdılar ki, zərzibillilərlə Kəlbəcər camaatı qoyunlarını oraya aparıb, bir yerdə otarırdılar. O kəndin bir tarixçəsini də deyib. 70-80-ci illərdə kənddə evlərin sayı təxminən 380-400 olub. Kənddə şagirdlər ikimərtəbəli məktəbdə çox çətinliklə yerləşdirilirdi. 70-80-ci illərdə orda 800 şagird oxuyub”.
 
- Maksim müəllim, bəs, indi bu kənddə vəziyyət necədir? Bu barədə məlumatınız varmı?
 
- O gün erməni saytlarına baxırdım. Paşinyanın əleyhinə olan telekanallardan birinin əməkdaşları kənd sakinlərindən müsahibə alırdı. Sakinlər deyirdi ki, indi buradakı məktəbdə cəmi-cümlətanı 18 şagird var. Təsəvvür edin, 800 azərbaycanlı şagirdi olan kənd məktəbində indi 18 erməni şagird var. 800 hara, 18 hara? Kənardan kəndi göstərirlər, adam dəhşətə gəlir. Vaxtilə mən o kənddə bəlkə yüz dəfə olmuşam. Ordakı 400 evdən bəlkə də cəmi 15-20 ev qalıb, qalan hamısı xarabalıqdır. Bircə dənə qırmızı dam örtüyü olan ev var, o da keçmiş kolxoz sədrinin evidir, onu da pis günə qoyublar. Hətta mən əvvəl o evin salamat qaldığına inanmadım, amma zəng edib bəzi adamlardan öyrəndim, dedilər bəli, o kolxoz sədrinin evidir.
 
- Bilirik ki, atanız Ermənistanda məsul vəzifələrdə çalışıb. Deməli, erməniləri kifayət qədər yaxşı tanıyıb...
 
“Mayın 12-dən bəri sərhəd məsələsilə bağlı müzakirə və mübahisələri mütəmadi şəkildə erməni mənbələrindən izləyirəm”.  
 
- 30-cu illərdə mənim atam orda “Raypo” sistemində işləyib. Eyni zamanda komsomolda çalışıb, sonralar komsomolun katibi olub. 1946-53-cü illərdə isə atam Basarkeçər rayonunun 1-ci katib olub, həm də oradan Ermənistan SSR Ali Sovetinin deputatı seçilib. Eyni zamanda o rayondan vitse-spiker seçilib. O zaman Stalin dövrü idi. Həmin Zərkəndə də Hənifəyev soyadlı bir şəxsi kolxoz sədri təyin etmişdi. Hənifəyev orda 40 il işləyib. Çox maraqlıdır ki, o kənddə bir nəfər də olsun erməni yaşamayıb. Hənifəyev imkan verməyib ki, ora bir erməni gəlsin. Yalnız 1981-ci ilin ortalarında maarif nazirliyi qərar çıxartdı ki, bütün məktəblərdə erməni dərsləri keçirilməlidir. Ona görə də rayon mərkəzindən bir erməni gəlib orda dərs deyirdi.
 
- Sizin kəndlə Zərkənd arasında məsafə nə qədər idi? Yəqin ki, çox istəyirsiniz doğma yurdu ziyarət edəsiniz...
 
- Əlbəttə. Ən böyük arzumdur. Bizim Nərimanlı kəndi ilə Zərkəndin arasındakı məsafə cəmi 4 km idi. Biz uşaq vaxtı at minib oraları gəzirdik. İndi bizim sərhədçilərimizin dayandığı yerləri yaxşı tanıyıram. Yadımdadır, sərhəd Zərkəndən təqribən 2,5 -3 km kənardan keçirdi. Bizim hərbçilər hazırda Azərbaycanın mövqelərində və ərazisində yerləşiblər. Odur ki, ermənilərin iddiaları tamamilə əsassızdır.  Elə erməni sakinlərdən müsahibə alanda soruşdular ki, türk əsgərləri nə qədər məsafədədir? Cavab verdilər ki, 2,5-3 km-likdədirlər. Baxdıqca qürurlanıram. Bizim əsgərlərin qoçaqlığına baxın da. Allah qorusun ordumuzu!
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti