Peşə təhsili sahəsi Azərbaycan üçün ən aktual mövzulardan biridir

31-05-2021, 11:11
43
Peşə təhsili sahəsi Azərbaycan üçün ən aktual mövzulardan biridir

 

 

Əbədi, sarsılmaz olan Azərbaycan və Türkiyə qardaşlığının möhkəmliyini  Vətən müharibəsi ərəfəsində bütün dünya bir daha gördü. Qardaş Türkiyənin Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın yanında olması, dəstək olan bəyanatları, eləcə də Türk dövlətinin siyasi  və mənəvi dəstəyi xalqımız üçün qürur mənbəyi olmuşdur. Bu iki ölkənin əlaqələrini “qardaş“ sözü ilə ifadə etmək  isə şübhəsiz ki, söylənə biləcək ən gözəl ifadədir. Qədim dostluğun bir nəticəsi olaraq ortaya çıxan bu bağlılıq keçmişin, bu günün və gələcəyin tayı-bərabəri olmayan dostluq örnəklərindən biridir. Bir-birini heç bir zaman özündən fərqli görməyən, sevincinə sevinən, kədərinə üzülən bu iki millət hər zaman bir-birindən güc almışdır.

Türkiyə və Azərbaycan əlaqələrinin əsasında tarixi soykökümüz dayanır. Dilimiz, dinimiz, mədəniyyətimiz, bəzi adət-ənənələrimizin eyni olması bu xalqlar arasında qardaşlıq əlaqələrinin davamlı inkişafına hər zaman şərait yaratmışdır. Əsası  Azərbaycan və Türkiyə Ulu Öndərləri tərəfindən qoyulan qardaşlıq əlaqələri Ölkə Prezidentlərinin iradəsinə, möhkəm bağlılığına əsaslanaraq yeni inkişaf mərhələsinə qədəm qoymuş, ikitərəfli siyasi və mənəvi münasibətlərimiz bütün istiqamətlər üzrə genişlənməkdədir. Bu gün yüksək səviyyəli əməkdaşlığa əsaslanan Azərbaycan – Türkiyə münasibətləri yeni mərhələyə yüksəlmişdir. Ölkələrimiz regionda, beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edir. Artıq bu birlik və stateji qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə, əməkdaşlığa xidmət edən siyasi və iqtisadi proseslərə istiqamət verən əhəmiyyətli amilə çevrilmişdir.

Sevindirici haldır ki, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də  müstəqilliyimiz bərpa olunandan sonra möhkəmlənən Azərbaycan–Türkiyə əməkdaşlığı son zamanlar sürətlə inkişaf edir. Təhsil sahəsində əməkdaşlığın inkişafı bu iki dövlət üçün ən vacib məsələlərdəndir. Bu baxımdan möhtərəm Prezident İlham Əliyev Türkiyə təcrübəsini və yetişən Türkiyə və Azərbaycan  gənc nəslinin bir-biri ilə sıx əlaqəsini yüksək qiymətləndirir.

İki qardaş ölkə arasında təhsil sahəsindəki əməkdaşlığın siyasi və hüquqi bazasının formalaşdırılması istiqamətində çox önəmli işlər görülmüş və təhsil sahəsində xeyli inkişaf olmuşdur. Türkiyənin milli təhsil naziri Ziya Səlcuqun ölkəmizə səfəri isə təhsil sahəsində olan əlaqələrin daha da yüksək səviyyəyə çatmasından xəbər verir. Türkiyənin milli  təhsil nazirinin cənab İlham Əliyev və təhsil naziri Emin Əmrullayevlə görüşü təhsil sahəsi üzrə əhəmiyyətli addımlar atılacağının təminatıdır. Bu səfərin nəticəsi olaraq  Azərbaycan – Türkiyə dövlətləri arasında təhsil sahəsi üzrə uğurlu layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıqda yeni səhifə açılmışdır. Bu mənada “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol“ hazırlanmışdır. 15 maddədən ibarət əməkdaşlıq protokolu peşə təhsili sahəsində Türkiyə təcrübəsinin öyrənilməsini özündə birləşdirməsi ilə yanaşı, peşə təhsili müəssisələrinin təsis edilməsini nəzərdə tutur. İki yeni peşə təhsil müəssisəsinin yaradılması və Qəbələ Dövlət Peşə Mərkəzinin bu tərəfdaşlığa daxil edilməsi regionların inkişafı baxımından əhəmiyyətli olacaqdır. Bu müəssisələrdə Türkiyənin böyük nailiyyətlər əldə etdiyi informasiya texnologiyaları, turizm, mebel, dizayn və qida sahələri üzrə peşə ixtisaslarının veriləcəyi müəyyənləşdirilib. Bununla da ölkəmizin peşə ixtisası üzrə ehtiyaclarına uyğun müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanmasında  Türkiyə təcrübəsi elmi - texnoloji yeniliklərin tətbiqini sürətləndirəcəkdir. İnanırıq ki, bu sənəd dövlətimizin peşə təhsili sahəsində qarşıya qoyduğu məqsədlərə çatmaq üçün yeni imkanlar yaradacaqdır.

 

 

Aygün Ələkbərova,

Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti